Təbriz Həsənov: “Millidən bundan artığını gözləməyə dəyməzdi”

Xəbərlər
8 İyun 2024 11:38
664
Təbriz Həsənov: “Millidən bundan artığını gözləməyə dəyməzdi”

"İki fərqli motivasiyası olan komanda qarşılaşdı".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Təbriz Həsənov deyib.

Təcrübəli mütəxəsis yığmamızın Albaniyaya 1:3 hesabı ilə uduzduğu yoxlama oyununu şərh edib. O bildirib ki, komandada bir qədər disbalans var idi: "Bu da normal idi. Futbolçuların bəziləri çempionatboyu çox, bəziləri az oynamışdı. Albaniya isə Avropa çempionatını final mərhələsinə hazırlaşır. Onlar üçün bu matç önəmli idi. Azərbaycanı çoxdandır iş başında izləmək istəyirdik. Oyuna pis başladıq. Bəlkə də bu çoxdandır komandanın bir araya gəlməməsinə görə idi. Amma matçın gedişində komanda özünə gələ bildi. İkinci hissəyə daha yaxşı başladıq. Hücumlar qura bilirdik, top bizdə daha çox qalırdı. Bəlkə də bunu Albaniya özü istəyirdi. Qrupda onlar İspaniya, Xorvatiya və İtaliya kimi güclü komandalara qarşı oynayacaqlar. Bəlkə də əks-hücumda oynamaq üçün geriyə çəkildilər. Ümumilikdə, çempionat bitdikdən sonra oyunun keçirilməsini nəzərə alsaq, millidən bundan artığını gözləməyə dəyməzdi".

Həsənov bildirib ki, Qazaxıstana qarşı oyunda fərqli komanda görəcəyik: "Daha yaxşı milli görmək istəyirik. İkinci matçda komandamız daha üstün oyun nümaiş etdirəcək".

Qeyd edək ki, Qazaxıstanla görüş iyunun 11-də keçiriləcək.

Emin Ağa
İdman.biz