Azərbaycanda uşaq futbolunun inkişafı, həmçinin Bakı və bölgələrdə futbolun kütləviliyinin artırılması üçün daim təqdirəlayiq işlər görən "Ulduz” Futbol Akademiyası ilk uğuruna imza atıb.
İdman.biz xəbər verir ki, bu nailiyyət AFFA-nın təşkil etdiyi U-13 Liqasında qeydə alınıb.
Cəmi 1 il əvvəl yaranan akademiyanın komandası 115 iştirakçının mübarizə apardığı yarışda yarımfinala qədər irəliləyib. Zona turnirində “Səbail” və “Zirə” kimi klubları geridə qoyan “Ulduz” final mərhələsində “Şamaxı” ilə “Masallı”nı yolundan kənarlaşdırıb.
Akademiyanın futbolçuları yarımfinalda Azərbaycanın ən köklü klubu “Neftçi” PFK ilə də başabaş mübarizə aparıb. “Ulduz” məhsuldar duellərdə güclü rəqibinə minimal fərqlə uduzub – 2:3, 3:3.
Akademiyanın U-13 komandası yeni yaranmasına baxmayaraq, artıq 3-cü yer uğrunda matçda mübarizə aparmaq imkanı qazanıb. “Ulduz” sabah keçiriləcək görüşdə “Vətən”lə üz-üzə gələcək.
Qeyd edək ki, bürünc medallar uğrunda matç Bayıl qəsəbəsində yerləşən “ASCO Arena”da keçiriləcək. Qarşılaşma saat 11:00-da başlayacaq.
İdman.biz