Sərxan Hacıyev: “Bizim üçün də ən vacib komandanın istənilən qrupda birinci yer üçün oynamasıdır” - MÜSAHİBƏ - FOTO

Xəbərlər
13 İyun 2024 12:04
468
Sərxan Hacıyev: “Bizim üçün də ən vacib komandanın istənilən qrupda birinci yer üçün oynamasıdır” - MÜSAHİBƏ - FOTO

“Onunla bağlı çox danışmağa ehtiyac yoxdur. Çünki dünyaca məşhur bir məşqçidir”.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, Azərbaycan millisinə yeni təyin olunan Fernandu Santuşun təqdimat mərasimində bildirib ki, portuqaliyalının bir sıra uğurları olub: “2010-cu ildə Yunanıstan yığmasının baş məşqçisi təyin edilib, 4 il sonra komandanı dünya çempionatına çıxarıb. Portuqaliya yığması ilə Avropa çempionu olublar. Ümumi olaraq bir sıra bu amilləri nəzərə alaraq, yığmamızda qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub. Həm AFFA rəhbərliyinin, həm də Santuşun buna qarşılıqlı inamı var”.

Hacıyevin sözlərinə görə, danışıqlar prosesində portuqaliyalı yığmamıza inandığını deyib: “Yığmanın müəyyən oyunlarını izləyib. Biz də bütün bunları nəzərə alaraq, onunla uğurlu işbirliyi olacağına inanırıq”.

- Uğurlu çıxış nədir?

- ⁠Bundan öncədə biz qeyd edirdik ki, istənilən yığma meydana qələbə üçün çıxır. Zəif və ya güclü rəqib ola bilər. Biz Santuşla fikir mübadiləsi aparanda gördük ki, o, məğlubiyyəti qəbul etmir. Bizim üçün də ən vacib komandanın istənilən qrupda birinci yer üçün oynamasıdır. Bəli, öncədən də demişik ki, hər qrupda reallığı nəzərə almalıyıq. Elə qrup ola bilər ki, yalnız birinci yer üçün oynayaq, amma eləsi də ola bilər ki, nəticəni o reallığa görə uğur və ya uğursuzluq sayaq.

- Millinin yeni baş məşqçisi bundan öncə Portuqaliya millisindən və “Beşiktaş”dan vaxtından əvvəl ayrıldıqda təzminat istəyib. Bəs AFFA uğursuzluq fonunda müqaviləyə bununla bağlı bənd salıb, yoxsa 2028-ci ilədək onunla davam edəcəyik?

- ⁠Əlbəttə ki, müqavilənin bəzi hissələrini açıqlaya bilmərik. Bu da normaldır. Maliyyə tərəfini açıqlamırıq. Qeyd etdiyiniz digər məsələ ilə bağlı Santuşun həmin komandalardan ayrılmasının müəyyən səbəbləri var. Hansı ki, dəqiq bilmədiyimiz məsələlərdir. Bilmədiyimiz şeylərə görə qərar vermək də düzgün deyil. Yığmadan hansısa məşqçinin ayrılması normal haldır. Sırf bizlə bağlı müqavilə 3+1 illikdir. Təzminat məsələsini isə açıqlaya bilmərik.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: