Aftandil Hacıyev: “Zirə” Avropa Liqası üçün heyətini gücləndirməlidir”

Müsahibə
20 İyun 2024 15:24
119
Aftandil Hacıyev: “Zirə” Avropa Liqası üçün heyətini gücləndirməlidir”

“Son matçlar “Zirə”nin oyununda inkişafın, irəliləyişin olduğunu göstərir. Onlar çempionatın son dövrəsini yaxşı keçirdilər və kubokun finalında “Qarabağ”a qarşı çox yaxşı oynadılar”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aftandil Hacıyev deyib.

Veteran futbolçu Avropa Liqasının püşkünü dəyərləndirib. O, “qartallar”ın Moldova “Şerif”i ilə dueldə uğurlu çıxışı üçün nələrə diqqət yetməli olduğunu açıqlayıb: “Heyət mütləq güclənməlidir. Rəşad Sadıqov və klub rəhbərliyinin qarşısında ən vacib məsələ transferlərlə bağlıdır. Rəqiblərin hər birinin “Zirə”dən avroliqa təcrübəsi daha çoxdur. “Şerif” demək olar ki, hər il beynəlxalq arenada mübarizə aparır. Bir neçə mövqe var ki, onlar güclənərsə, “Zirə” hər bir rəqibə qarşı inamlı mübarizə aparacaq və nəticə də qazana biləcək”.

Qeyd edək ki, “Zirə” I təsnifat mərhələsində “Şerif” səddini aşarsa, ardınca “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək. Əks təqdirdə, Konfrans Liqasının II təsnifat mərhələsində komandamızın rəqibi "Dunayska Ştreda" (Slovakiya) olacaq.

Emin Ağa
İdman.biz