Kamal Bayramov: "Ayxan Abbasovu yarı yolda qoysaydım..." - MÜSAHİBƏ

Müsahibə
21 İyun 2024 15:06
685
Kamal Bayramov: "Ayxan Abbasovu yarı yolda qoysaydım..." - MÜSAHİBƏ

“Şamaxı”nın qapıçısı Kamal Bayramovun İdman.bizə müsahibəsi

- Yeni mövsümdə sizi “Şamaxı” da görəcəyik. Bu keçiddə Ayxan Abbasovun rolu nə qədərdir?

- “Şamaxı” mənim üçün yad klub deyil. Qərarda əlbəttə ki, Ayxan Abbasov amili önəmlidir.

- Tovuzlu olduğunuzu nəzərə alsaq, çox güman, sizin üçün bu qərarı vermək asan olmayıb.

- Tovuz mənim üçün doğma diyardır. Bu futboldur və bu idman növünün öz qaydaları var. Mən Tovuza Ayxan Abbasovla yola çıxmışdım və onunla da ayrıldım. Futbolda və həyatda önəmli məqamlar var. Bu gün mən Ayxanı yarı yolda qoysaydım, sabah Tovuzumu da yarı yolda qoyardım. Futbolumuzda iş və pul üçün dostlarını yarı yolda qoyan çox insan var.

- Məlum video və açıqlamalardan sonra sizi qınayıb emosionallıqda ittiham etdilər. Həmin açıqlamalara görə peşmansınızmı?

- Xeyr, peşman deyiləm. Reallıqla yaşayan adamam. Məni qınayan da, başa düşən də sağ olsun. Doğruları demişəm və hər kəs öz qabına düşəni yedi.

- Oğlunuz da futbolla məşğuldur...

- Oğlum haqqında çox danışmaq istəmirəm. Onsuz da son zamanlar çox danışılır. Futbol öz seçimidir. Beş yaşından bu sahədədir və peşəkar böyüməsi üçün biz də öz valideyn borcumuzu yerinə yetiririk.

- İstirahətiniz necə keçir?

- Ailəmlə birlikdə doğma kəndimizdəyik. Bura mənim üçün dünyada ən gözəl və dəyərli yerdir. Gündəlik övladlarımla balıq tuturuq, çayda çimirik və futbol oynayırıq. İl boyu ailəmlə bu cür vaxt keçirməyin xəyallarını qurduğum üçün hazırda bu imkandan maksimum istifadə etməyə çalışıram.

- İllər öncə demişdiniz ki, ona kimi zədələnməsəm, karyeramı 40 yaşda bitirəcəm. Artıq 40-ın astanasındasınız. Fikirinizi dəyişməmisiniz ki?

- Allah zədədən qorusun. Çempionatı izləyirsiniz. Nə qədər ki, gücüm var, davam edəcəm. Hazırda 38 yaşım var, 40 olmayıb. Allah nəsib etsə, görəcəyik.

Aytac Sahəd
İdman.biz