Roman Qriqorçuk “Neftçi”də!

Xəbərlər
26 İyun 2024 16:22
679
Roman Qriqorçuk “Neftçi”də!

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Ağ-qaralar”ın baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Çalışdırıcı fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan ukraynalı 2000-ci ildə Latviyanın “Dinaburq” (1998-2005) klubunun “sükanı arxası”na keçib. O, Baltikyanı ölkədə “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanda “Qəbələ” (2015-2018), Qazaxıstanda “Astana” (2018-2019), Belarusda “Şaxtyor” (2020-2021) klublarında çalışıb.

Təcrübəli mütəxəssis “Ventspils”də 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə ölkə kubokunu (2005, 2007) qazanıb və 2009-cu ilinən yaxşı məşqçisi adına layiq görülüb. Onun rəhbərliyi altında Odessa “Çernomorets”i 2010/11 mövsümündə Premyer Liqaya çıxıb, 2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanıb, turnirin 1/16 final mərhələsinə yüksəlib.

Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrü də uğurlu olub. Onun yetirmələri Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb, bir il sonra bu uğuru təkrarlayıb.

O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun “sükanı arxası”na keçib və qısa müddətdə klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.

Qeyd edək ki, UEFA-nın “Pro” lisenziyalı məşqçisi 1965-ci ildə Ukraynanın İvano-Frankovsk vilayətinin Korniç kəndində anadan olub. Futbolçu kimi 5 ölkədə çıxış etmiş 59 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-1994) və “Krivbass” (1995-1996), Avstriyada “Sankt-Pelten” (1994), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn” (1996-1997) və Latviyada “Dinaburq” (1998-1999) kimi klubların şərəfini qoruyub.

İdman.biz