"Matçdan əvvəl futbolçulardan oyuna 100 faiz köklənmələrini istəmişdim. Məncə, onların meydanda nümayiş etdirdiyi istək ideal idi".
İdman.biz xəbər verir ki, bunu "Fehervar"ın baş məşqçisi Tamaş Pete deyib.
"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibinin çalışdırıcısı "Babolna" ilə yoxlama görüşündə qazanılan 9:0 hesablı qələbəni şərh edib. Pete çox qol vurmalarına baxmayaraq, rəqibə şans verdiklərinə görə təəssüflənib: "Biz həftə ərzində çox çalışmışdıq və ona oyunla yekun vurmaq istəyirdik. Çox qol vurduğumuza görə xoşbəxtik, amma rəqibə də şanslar verdiyimizə görə narazı qaldım. Futbolçuların oyuna münasibəti əla idi və bu amil bizi sevindirir. Meydana çıxan gənclər artıq bizim komandanın üzvləridir. Növbəti həftədə 5 məşqimiz var və "Ayka" ilə iki 60 dəqiqəlik yoxlama oyunu keçirəcəyik. Bundan sonra komanda növbəti təlim-məşq toplanışına yollanacaq".
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" (Macarıstan) arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də səfərdə olacaq.
İdman.biz