Markos Ferreyra: “Azərbaycan çayı üçün darıxıram” – MÜSAHİBƏ - FOTO

Müsahibə
3 İyul 2024 14:34
1 480
Markos Ferreyra: “Azərbaycan çayı üçün darıxıram” – MÜSAHİBƏ - FOTO

Azərbaycan yığmasının, həmçinin “Karvan” və “Neftçi”nin sabiq futbolçusu Markos Ferreyranın İdman.biz saytına müsahibəsi

- Hazırda hansı işlə məşğulsuz?

- Vətənimdə - Braziliyanın Rio-de-Janeyro şəhərində yaşayıram. Bədən tərbiyəsi üzrə təhsil almışam, ardınca yüksək göstəricilərə görə idman elmləri üzrə aspiranturaya qəbul olmuşam. Oyunçuların işə götürülməsi üçün skaut kursu keçirəm. Yəni yüksək performanslı idmançılar yetişdirirəm.

- Azərbaycan millisinin, həmçinin “Karvan” və “Neftçi” klublarının formasını geyinmisiz. Ölkəmizi necə xatırlayırsız?

- Azərbaycanda keçirdiyim illəri böyük məhəbbətlə xatırlayıram. Mədəniyyəti, insanları çox bəyənirəm. Azərbaycanda gözəl insanlar var, orada 6 il ərzində çoxlu dostlar qazandım və onlardan çox şey öyrəndim. İnsanlar, atmosfer və çay içmək üçün darıxıram.

- Yenidən Azərbaycana qayıtmaq istəyərdiz?

- Çox istərdim ki, bir gün Azərbaycana dönüb futbolun inkişafına töhfə verim.

- Bəs Azərbaycan futbolunu izləyirsiz? Kənardan futbolumuz necə görünür?

- Baxıram. Görürəm ki, bu gün Azərbaycanın ən böyük komandası Avropa yarışlarında mübarizə aparan və heyran olduğum Qurban adlı böyük məşqçinin çalışdırdığı “Qarabağ”dır. Mənim dövrümdən bu günə kimi komandalar dəyişib, yeni klublar yaranıb, bəziləri isə fəaliyyətini dayandırıb. İnanıram ki, Azərbaycanda oynayan ilk əcnəbilərdən biri kimi ölkədə futbolun təkamülünə müəyyən töhfə vermişəm. Görürəm ki, iş strukturları çox yaxşılaşıb, futbolun hər aspektində inkişaf var.

- Milli komandaya Fernandu Santuş baş məşqçi seçildi. Portuqaliyalının təyinatını necə dəyərləndirərdiz?

- O, şübhəsiz ki, böyük məşqçidir, bütün klublarda və milli komandalarda qazandığı təcrübə ilə Azərbaycan futboluna böyük töhfə verəcək. Ümid edirəm ki, Santuş yığmaya uğurla rəhbərlik edəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: