Siyasət Əsgərov: “Planlarımızı Türkiyədə oynayan futbolçularımız pozdu” – MÜSAHİBƏ

Müsahibə
4 İyul 2024 15:04
337
Siyasət Əsgərov: “Planlarımızı Türkiyədə oynayan futbolçularımız pozdu” – MÜSAHİBƏ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun İdman.bizə müsahibəsi

- Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə ilə matçların hazırlıqlarına start vermisiz. Komandada əhval-ruhiyyə necədir?

- İyulun 1-dən bir araya gəlmişik. Gündə 1 dəfə məşq edirik. Komandada əla əhval-ruhiyyə var.

- Futbolçuların fiziki durumu nə yerdədir?

- Bu, bir qədər məni qane etmir. Səbəb də qızlarımızın çoxunun Türkiyədə oynamasıdır. Çempionat bitdikdən sonra onlar yalnız bizim verdiyimiz təlimatlar əsasında məşqlər edirlər. Komanda məşqləri görməyiblər. Ümid edirəm ki, onların formasını iyulun 12-dək maksimuma çatdıracağıq. Macarıstanla görüş bizim üçün çox önəmlidir.

- Rəqiblər bizdən daha tez hazırlıqlara start verib. Sizin məşqlərə bir qədər gec başlamağın səbəbi nədir?

- Düşünmürəm ki, hazırlıqlara gec başlamışıq. Bir müddət öncə Bakıda olan qızlarla məşq etmişik. Onların sayı təxminən 12 nəfər idi. Planlarımızı Türkiyədə oynayan futbolçularımızın gec gəlməsi pozdu. Orda çempionatın startı dəqiq bilinmədiyi üçün qızları bir qədər gec buraxdılar. Futbolçularımız həm milli, həm də çempionatda oynadığı üçün onlara da istirahət verməyi qərara aldıq. Amma yenə də gec toplaşdığımızı düşünmürəm.

- Türkiyə üzərində qələbədən sonra qrupdan çıxmaq şanslarınız artdı. Sizcə, bu nə qədər realdır?

- Qrupda rəqiblər bilinəndə özümüz üçün bir planlama etmişdik. İsveçrəni bu qrupun lideri kimi görürdük. Macarıstandan da yaxşı oyun gözləyirdik. Türkiyəni isə eyni gücdə hesab edirdik. Düşünürdük ki, bu matça qədər uduzmayacağıq, 4 xal toplayacağıq. Təəssüflər olsun ki, İsveçrəyə məğlub olduq. Türkiyə ilə səfərdə minimum 1 xal qazanmaq istəyirdik. Buna da nail olmadıq. Amma Macarıstanla heç-heçə edib, Türkiyəyə evdə qalib gəlməklə xalımızı 4-ə yüksəltdik. Macarıstanla matçda qazanacağımız xal bizi pley-offa daşıya bilər. Bu, 3 xal olarsa, ikinci pilləni tuta bilərik. Bu isə o deməkdir ki, B divizionunda qalacağıq. Ümid edirəm ki, belə də olacaq.

- Macarıstan İsveçrəyə qalib gəldi. Bu milliyə qarşı Bakıda hansı taktikanı seçəcəksiz?

- Macarıstanın İsveçrəni məğlub etməsini istəmirdik. Təəssüflər olsun ki, bu, baş verdi. Düşünürəm ki, ən yaxşı müdafiə hücumdur. Evdə oynayırıq. Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcəklər. Bu bizə güc verəcək. Türkiyə ilə matçda az olsalar da, sona qədər komandanı dəstəklədilər. Macarıstanla matçda müdafiədə oturmaq haqda düşünmürük. Planımız rəqib meydançasında daha çox topa sahib olmaqdır.

Emin Ağa
İdman.biz