Elmar Baxşıyev transfer planlarını açıqlayıb

Xəbərlər
9 İyul 2024 11:53
182
Elmar Baxşıyev transfer planlarını açıqlayıb

“Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi. Son iki gündə daha çox məşq keçmişdik”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

44 yaşlı mütəxəssis əvəzedici komanda ilə yoxlama oyunundan sonra fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb: “İstəyimiz komandanı yükləmə altında görmək idi. Onlar verilən tapşırıqları meydanda yerinə yetirə bildilər”.

Baxşıyev heyətin hələ tam komplektləşmədiyini bildirib: “Hələ tam komplektləşməmişik. Bəzi mövqelər var ki, ora transferlər olacaq. Həmin mövqeləri gücləndirəcək futbolçularla danışıqlar demək olar, yekunlaşıb”.

Baş məşqçi bəzi oyunçuların qarşılaşmada iştirak etməməsinin səbəbini açıqlayıb: “Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər. Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətimizə yeni futbolçular qoşulacaq. Mərkəz müdafiəçisinə, oyun qurucuya və hücumçuya ehtiyac var. Yaxın günlərdə komanda tam komplektləşəcək”.

Qeyd edək ki, “Araz-Naxçıvan” əvəzediciləri ilə qarşılaşmada 3:1 hesablı qələbə qazanıb.

İdman.biz