“Zirə” çox dinamik və sürətli futbol oynadı”.
Bunu İdman.bizə “Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev deyib.
Veteran futbolçu Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin Moldovada “Şerif” üzərində qələbəsini (1:0) şərh edib. O bildirib ki, təmsilçimiz çox yaxşı müdafiə olunub: “Rəşad Sadıqovun komandası rəqibin bütün hücumlarını zərərsizləşdirməyi bacardı. Bir neçə qol vəziyyəti yaratmağa da nail oldular. “Zirə”nin oyunu haqqında yalnız müsbət fikir bildirmək mümkündür. Avropa Liqasının ilk mərhələsində komandalarda hər zaman həyəcan hiss olunur. Çox gərgin mübarizə getdi. Oyunun daxilində çoxlu birə-bir mübarizələr müşahidə olunurdu. Hər 2 məşqçi komandasını matça ciddi kökləmişdi”.
Hacıyev cavab qarşılaşmasından gözləntilərini də açıqlayıb: “Zirə” üçün əlverişli nəticə oldu. Amma “Şerif” kimi Avropa Liqası, Çempionlar Liqası təcrübəsi olan komandaya ev-səfər amili rol oynamır. Bu səbəbdən cavab qarşılaşmasında da “Zirə”nin belə mübarizə aparması çox vacibdir. “Şerif” də cavab matçına fərqli hazırlaşa bilər. Hər 2 komanda artıq bir-birini tanıyır. Amma inanıram ki, mərhələ adlayan “Zirə” olacaq”.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması iyulun 18-də Bakıda “Liv Bona Dea Arena”da keçiriləcək.
Emin Ağa
İdamn.biz