“Komandada ilk 15-20 dəqiqədə Avropa Liqasının həyəcanı var idi”.
Bunu İdman.bizə “Zirə”nin futbolçusu Ceyhun Nuriyev deyib.
23 yaşlı yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyununu şərh edib: “Daha yaxşı oyun nümayiş etdirə bilərdik. Ona rəğmən qarşılaşma bərabər keçdi. İlk dəqiələrdən qələbəyə inanırdıq. Çox ağır oyun oldu. Hava şəraiti də bizə mane olurdu. “Şerif” də yaxşı komandadır. İkinci oyuna avantajlı çıxacağıq”.
Nuriyev Moldovada 62 dəqiqə meydanda olduğu müddətdə sərgilədiyi performansını da dəyərləndirib: “Oyunumun belə alınmasının mövsümün startı ilə əlaqəli deyil. Mübarizəmdə istəklə bağlı heç bir sual ola bilməz. Görüşün əvvəlində də, matçdan çıxanda da eyni istəkdə idim. Hava çox isti idi, meydança ağır idi və ola bilər ki, yorğunluq tam olaraq oyunumu nümayiş etdirməyə mane oldu”.
“Zirə”nin gənc futbolçusu bildirib ki, mərhələ adlamaq üçün əllərindən gələni edəcəklər: “2-ci oyuna mütləq qələbə üçün çıxacağıq. İlk görüşdən sonra rəqibi daha yaxşı tanıyırıq. Qələbə qazana bilərik. Buna şans böyükdür. Qalib gəlib həm reytinqimizi artırmalı, həm də işi şansa buraxmamalıyıq”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 18-də Bakıda “Liv Bona Dea Arena”da keçiriləcək.
Emin Ağa
İdamn.biz