"Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm".
İdman.biz xəbər verir ki, bunu Qurban Qurbanov klub saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışının son günündə “Slaven” (1:0) və “Əl-Şabab”a (5:2) qarşı yoxlama oyunlarına münasibət bildirib. Qurbanov hazırlıq prosesini də dəyərləndirib: "Toplanışın sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Əl-Şabab”nın baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi".
Qeyd edək ki, "Qarabağ" Avstriyada keçirdiyi 4 yoxlama oyununun 3-də qələbə qazanıb, 1-də uduzub.
İdman.biz