Elmar Baxşıyev: “Komanda ikinci hissədə daha yaxşı çıxış etdi”

Xəbərlər
17 İyul 2024 13:10
165
Elmar Baxşıyev: “Komanda ikinci hissədə daha yaxşı çıxış etdi”

"Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil".

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən klubun çalışdırıcısı ilk yoxlama matçında “Alanyaspor”a qarşı (1:1) oyunu şərh edib. O bildirib ki, oyun 2 fərqli hissədən ibarət olub: “Ümumi hazırlıq fonunda keçirilən ilk qarşılaşmada komandamız ikinci hissədə daha yaxşı çıxış etdi. Çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz, amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi. Yeni transferləri meydanda az müddətdə də olsa, görə bildik. Bəziləri komandaya Türkiyədə qoşulduğuna görə, demək olar, ayrı məşq edirdilər. Onlar son 2 məşqdə heyətə qatıldılar. Buna görə də meydana sonradan daxil oldular. Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdır”.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 2024-2025-ci il mövsümünün püşkü haqda da danışıb: “İndiki məqamda püşkü düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdır”.

Qeyd edək ki, “Alanyaspor”a qarşı matçda “Araz-Naxçıvan”nın yeganə qolunu yeni transfer Felipe Santos vurub.

İdman.biz

Məqalədə: