"Oyun öncəsi danışmaq hər zaman çətindir. Qarşımızdakı rəqibin gücünü və təcrübəsini başa düşürük".
İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
42 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin “Şerif”lə sabah keçiriləcək cavab oyununa həsr olunan mətbuat konfransında matç barədə danışıb: “Səfərdə qələbə qazanmışıq. Onlar Bakıya fərqli motivasiya ilə gəliblər. Qələbə qazanmağa çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Qalır hazırlığımızı oyunda göstərmək. Bizi Moldovada olduğundan daha gərgin oyun gözləyir. İstərdik ki, oyun üstünlüyü ilk hissədən bizdə olsun. Hesabda önə keçək".
- Komanda penalti seriyalarına hazırlaşır?
- Penaltilər seriyasına hazırlaşmırıq. Bunu sevmirəm. Amma hər şeyə hazırlıqlı olmalıyıq. 1-2 top fərqi ilə uduzsaydıq da, bunu deyəcəkdim. İstərdik ki, mərhələnin taleyi 180 dəqiqənin yekununda bizim xeyrimizə bitsin.
- "Zirə" meydana “Şerif”i keçmək, yoxsa qalib gəlmək üçün çıxacaq?
- Oyunun strategiyası ilə bağlı suallardan yayınacam. Oyun planını bölüşməyəcəm. Təbii ki, üstünlüyümüz var. Bu, hər iki komandaya təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişmək istəyəcəklər. Bizim də öz planımız var.
- Heyətdə rotasiya gözlənilirmi?
- Mövsümün ilk oyunu olduğunu nəzərə alsaq, futbolçuların çıxışından razı qaldım. Amma sabah mərhələni keçən tərəf olmaq istəyiriksə, daha yaxşı olmalıyıq. Bunu futbolçular da, biz də yaxşı başa düşürük.
- Komandada zədəli oyunçular var?
- Narahat edən məqamlar var. Amma paylaşa bilməyəcəm.
- Davit Volkovun qayıdışından sonra nə dəyişikliklər hiss etdiz?
- Oyun boyu rotasiyalı şəkildə oynayırdıq. Hücumçu mövqeyində Rafael Utsiq idi. Oyunun gedişinə görə onlar Volkovla yerlərini dəyişirdi. Ümumən Volkova gəldikdə, onun qayıdışına sevinirəm. Oyunçularımdan razıyam, amma onlar optimal formada deyillər.
- Tam olaraq komanda bir həftə ərzində sizin istədiyiniz kimi hazırlaşdı?
- Sabah hər şeydən öncə komandanın mental hazırlığıdır. Bu yöndə problem görmədim. Futbolçular məsuliyyəti başa düşürlər. Sabah həyəcanı tez atmalıyıq. Əsas problem bu olacaq. Hamı onu tez atladıb öz oyununu oynamalıdır.
- Avrokubok oyunlarında azarkeş amili çox vacibdir. "Zirə" 10 illik klubdur, tərəfdarları azdır. Azarkeşlərə səslənmək istəyərdiniz?
- Bizim yetərincə azarkeşimiz var. Mənə görə say yox, keyfiyyət önəmlidir. "Zirə"nin azarkeşləri hər zaman yanımizda olublar. Kimin imkanı varsa gəlsin. Yoxdursa, televiziya vasitəsi ilə baxsınlar, bizə dəstək olsunlar və dua etsinlər.
Qeyd edək ki, “Zirə” – “Şerif” oyunu sabah saat 20:00-da start götürəcək.
Emin Ağa
İdman.biz