“Zirə”nin evdə oynamağı üstünlükdür”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov deyib.
O, Avropa Liqasının I təsnifat mərhələsində bu gün “Zirə”nin “Şerif”ə qarşı cavab matçı haqqında fikirlərini bölüşüb. Veteran futbolçu şansları bərabər sayır: “Bu komanda əvvəlki “Şerif” olmasa da, yenə də çox təhlükəlidir. Təmsilçimiz qələbə qazansa da, şansların 50-nin 50-yə olmasını düşünürəm. Fikrimcə, “Zirə” mərhələ adlamaq istəyirsə, səfərdəki kimi ələ düşən fürsətlərdən istifadə etməyə çalışmalıdır. İlk olaraq klublarımızdan mərhələni “qartallar”ın keçməsini istərdim”.
Sultanov oyunun əlavə vaxta getməyəcəyi fikrini də səsləndirib: “Matçın taleyinin 90 dəqiqədə həll olacağını düşünürəm. Düzdür, futbolda hər şey ola bilər. Oyunun penaltilər seriyasına qalmağını istəməzdim. Çünki 11 metrlik cərimə zərbələri "lotereya" kimidir. İnşallah, 90 dəqiqə ərzində “Zirə” işin öhdəsindən gələr”.
Qeyd edək ki, Moldovada keçirilən oyunda “Zirə” “Şerif”i 1:0 hesabı ilə məğlub edib. Matç saat 20:00-da start götürəcək.
Emin Ağa
İdman.biz