“Burada olmaq və oynamaq karyerama təsir edəcək”.
İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”nın yeni transferi Benni deyib.
Təlim-məşq toplanışını Ərzurumda davam etdirən klub gündəlik məşqlərlə yanaşı, yoxlama oyunlarında da gücünü sınayır. Türkiyə Superliqa təmsilçisi “Alanyaspor”la toplanışın ilk yoldaşlıq görüşündə (1:1) debüt edən portuqaliyalı futbolçu oyunla bağlı təəssüratlarından danışıb: “Alanyaspor”la matç yoxlama xarakteri daşısa da, meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.
27 yaşlı yarımmüdafiəçi keçidi haqda isə bunları deyib: “Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dedim ki, dəyərləndirək. Artıq 1 həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir heyətimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələni maksimum edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün biz futbolçular çox çalışmalıyıq”.
Futbolçu ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşlarının kömək etdiyini bildirib: “Əlbəttə, hə dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdi. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.
Qeyd edək ki, Benni indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiraş”, “Belenenseş”, SAD, “Benfika B”, “Şaveş”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.
İdman.biz