Aslan Kərimov: “Qırmızı vərəqə “Zirə”ni bu mərhələdən kənarda qoydu”

Xəbərlər
19 İyul 2024 16:02
667
Aslan Kərimov: “Qırmızı vərəqə “Zirə”ni bu mərhələdən kənarda qoydu”

“Nəticə çox məyusedicidir. Həm ilk, həm də cavab qarşılaşmasında “Şerif” kimi güclü komandanı geridə qoymağı bacarmışdıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq üzvü Aslan Kərimov deyib.

51 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin “Şerif”ə 1:2 (penaltilərdə 4:5) hesabı ilə uduzduğu matçı şərh edib. Veteran futbolçu bildirib ki, futbolçuların təcrübəsizliyi məğlubiyyətə səbəb olub: “Birinci oyunda vurduğumuz qol, ikinci yarıda isə qırmızı vərəqəyə qədər hər şey “Zirə”nin üstünlüyü ilə keçirdi. “Şerif” kimi güclü komanda meydanda tərkisilah olunmuşdu. İlk hissədə yüzə-yüz əmin idim ki, “Zirə” bu mərhələni adlayacaq. Amma mübahisəli qırmızı vərəqə oyunun taleyini həll etdi. O epizodda hakimin təcrübəsiz olduğu göründü. Sarı vərəqə də vermək olardı. “Zirə” penaltilərə qədər dözdü, amma sonra rəqiblə bacarmadı. 11 metrlik cərimə zərbələri əllinin-əlliyə olan bir şeydir. Burda onları qınamaq düzgün olmazdı. Cüt bilindikdən sonra “Şerif”in güclü olduğunu, Bakıda çətin olacağını qeyd etmişdim. Amma bu cür oyunlarda oyunçuların təcrübəsiz olması da öz sözünü dedi. Daxili çempionatda belə qırmızı vərəqələr verilməyə bilir, lakin beynəlxalq matçlarda hakimlər amansızcasına kartları paylayırlar. Təcrübəli futbolçular belə görüşlərin mahiyyətini başa düşürlər. Ona görə də durduğu yerdə qırmızı vərəqə almaq “Zirə”ni bu mərhələdən kənarda qoydu. Qırmızı vərəqə olmasaydı, hesab “Zirə”nin xeyrinə daha böyük olacaqdı”.

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran “Zirə” yoluna Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Rəşad Sadıqovun komandası "Dunayska Ştreda" (Slovakiya) ilə üz-üzə gələcək. Tərəflər arasında ilk oyun iyulun 25-də Bakıda, cavab matçı 1 həftə sonra Slovakiyada olacaq.

Emin Ağa
İdman.biz