“Hazırlığı dəyərləndirsək, pis olmadı. Yaxşı oyunlar keçirdik”.
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan çempionu “Azersun Arena”da keçirdiyi brifinqdə öncə komandasının Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirib: “Futbolçuların hər birindən razı qaldım. Bəlkə əlavə bir yoxlama görüşü də oynasaydıq, daha yaxşı olardı. Bir neçə matçdan sonra komanda öz formasını geri qaytara bilər”.
O, Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la (Cəbəllütariq) səfər matçından gözləntilərini də açıqlayıb: "Linkoln" möhkəm komandadır. Ötən il bu rəqib üzərində qalibiyyətimiz asan görünsə də, heç də belə olmamışdı. Çox çətinlik çəkdik. Hər bir halda çalışacağıq ki, bu görüşə tam motivasiya ilə hazırlaşaq. Desəm ki, "Linkoln"un oyununu tam analiz edə bildim, belə deyil. Hər iki qarşılaşmada qırmızı vərəqə olduğu üçün tam oyunu görə bilmədik. Üstəlik, rəqib bizdən iki rəsmi matç artıq oynadığı üçün bu onlar üçün əlavə üstünlükdür. Ümumən minimum ilk oyuna hazır olduğumuzu düşünürəm”.
”Qurbanov klublarımızın avrokubokdakı şanslarına da toxunub: "Bütün komandalarımıza uğurlar arzulayıram. İstər ölkə reytinqi, istərsə də azarkeşlər baxımından hər bir komandanın qalibiyyəti, digər tura keçməsi bizim üçün çox vacibdir. İnanıram ki, Konfrans Liqasında həm "Sumqayıt", həm də "Sabah" uğurlu nəticə əldə edəcək. Avropa Liqasında isə "Şerif"lə oyunda üstünlük "Zirə”nin tərəfində idi. Bir addımlıqda hər şey dəyişdi. Buna baxmayaraq, bu qarşılaşma digər komandalara da inam verdi ki, istənilən kluba qarşı oynamaq olar".
Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk görüşünü iyulun 23-də səfərdə keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Aytac Sahəd
İdman.biz