Konfrans Liqası: Klublarımızın növbəti potensial rəqibləri bəlli olub

Xəbərlər
22 İyul 2024 16:22
1 395
Konfrans Liqası: Klublarımızın növbəti potensial rəqibləri bəlli olub

Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində baş tutub.

Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub. Təmsilçilərimizin II təsnifat mərhələsindəki cütləri qalibi ilə qarşılaşacağı duelləri tanıyıblar.

“Sabah”la Hayfa “Makkabi”sinin cütünun qalibi “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Bakı klubu israilliləri keçsə, növbəti raundun ilk matçında səfərdə oynayacaq.

“Zirə”nin “Dunayska Ştreda” ilə mübarizəsində sevinəcək tərəf “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasa, növbəti raunda səfərdə başlayacaq.

“Sumqayıt”ın “Fehervar”la mübarizəsində qalib gələcək komanda “Omoniya” (Kipr) – “Torpedo” Kt (Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Sumqayıtlılar Macarıstan klubunu keçə bilsə, III təsnifat mərhələsinə səfərdə start verəcək.

Qeyd edək ki, üçüncü raundun matçları avqustun 8-də və 15-də keçiriləcək.

***

10:40

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Azərbaycanın üç klubunun mümkün rəqibləri bəlli olacaq.

Püşkatma zamanı “Sabah” – “Makkabi” cütü səpələnmişlərdən olacaq. “Sumqayıt” – “Fehervar” və “Zirə” – “Dunayska Ştreda” cütləri isə səpələnməmişlər sırasında yer alacaq.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Püşkdən əvvəl UEFA komandaları qruplara bölüb. “Sabah”la Hayfa “Makkabi”sinin cütü 1-ci qrupda səpələnmişlər sırasındadır. Onların 5 mümkün rəqibi var:

“Sent Patriks” – “Vaduts”
“Mlada Boleslav” – “Transinvest”
“İberiya” – “Partizani”
“Radniçki” – “Mornar”
“Hunedoara” – “Riyeka”

“Zirə”nin “Dunayska Ştreda” və “Sumqayıt”ın “Fehervar”la cütləri 5-ci qrupda səpələnməmişdir. Burada 6 mümkün variant var.

“Kopenhagen” – “Maqpies”
“Omoniya” – “Torpedo” Kt
“Riqa” – “Slaşk”
“Olimpiya” – “Polesye”
“Zrinski” – “Bravo”
“Osiyek” – “Levadiya”

İdman.biz