“Qarabağ”a tanış rəqibdir. “Linkoln”un gücünə görə Azərbaycan çempionundan zəif olduğunu hamımız bilirik”.
Bunu İdman.bizə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqdə “Linkoln” - “Qarabağ” matçından gözləntilərini açıqlayıb. O bildirib ki, oyun təmsilçimiz üçün çox da asan keçməyəcək: “İlk mərhələlərdə “Qarabağ” hər zaman çətinliklərlə üzləşir. Oyun üslubu baxımından problemlər yaşayır. Düşünürəm ki, bu dəfə də belə olacaq. “Linkoln”a qarşı matç düşündüyümüz kimi asan keçməyəcək. İlk qarşılaşma da səfərdədir. Ağdamlılar üstün tərəf hesab edilir. Matçın gedişinə isə hava şəraiti, meydança amili də təsirini göstərəcək. Onların stadionu süni ot örtüklüdür. Bunlar Qurban Qurbanovun komandası üçün çətinlik yarada bilər. Amma sonda “Qarabağ” qalib gələcək və 2 oyunun nəticəsinə görə mərhələni keçəcək”.
Əsədov “Qarabağ”dan minimal hesablı qələbə gözləyir: “Hansı hesabla qalib gəlmək elə də önəmli deyil. Əsas odur ki, “Qarabağ” səfərdən qələbə ilə qayıtsın və evdə oyuna rahat çıxsın. Böyük hesabla qalib gələcəyimizi düşünmürəm”.
Qeyd edək ki, “Linkoln” - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Emin Ağa
İdman.biz