“Ev”dəki bütün qapıları açan qonaq - TƏHLİL

Təhlil
24 İyul 2024 10:21
527
“Ev”dəki bütün qapıları açan qonaq - TƏHLİL

Çempionlar Liqasının 2024/25 mövsümünə “Linkoln” üzərində səfər qələbəsi ilə başlayan “Qarabağ” uğurlu seriyasını davam etdirib.

İdman.biz xəbər verir ki, Ağdam klubu rəqib meydanında keçirdiyi oyunlardan qolsuz ayrılmır.

Qurban Qurbanovun yetirmələrinin bu seriyası artıq yubiley həddə - 10-a çatıb. “Qarabağ” Azərbaycan futbolu tarixində ardıcıl 10 səfər görüşündə avrokubok qolu vuran yeganə komandadır.

Qurbanovun yetirmələri sonuncu dəfə 2022/23 mövsümündə Konfrans Liqasının pley-offunda rəqib meydanında fərqlənməyib. Təmsilçimiz Belçikada “Gent”i məyus edə bilməyib.

Həmin qarşılaşmadan sonra “Qarabağ” evində qonaq olduğu istənilən rəqibin “qapısını açıb”, hətta “sındırıb”. 378 gün əvvəl Cəbəllütariqdə başlayan bu seriya elə eyni rəqiblə - “Linkoln”la görüşdə də 10-a çatıb.

Bu müddətdə Çempionlar Liqasında 3, Avropa Liqasında 7 görüşə çıxan Qurbanovun komandası oynadığı bütün ölkələrdə - hətta Almaniya və Portuqaliyada da “qapının açar”ını tapa bilib. Bu, sadəcə məşhur “sim-sim, qapını aç” ifadəsi ilə deyil, komandanın baxımlı və gözəl hücum futbolu ilə mümkün olub.

Bu 10 matçdan yalnız ikisində təmsilçimiz 1 qolla kifayətlənib. Digərlərində ən azı 2 dəfə fərqlənən ağdamlılar seriya müddətində 20 səfər topuna sevinib.

Azərbaycan çempionu artıq 11-ci səfəri düşünə bilər. Bu, “Lüdoqorets”lə Minsk “Dinamo”su arasında cütün güclüsünə qarşı olacaq. Böyük ehtimalla “Qarabağ” Bolqarıstan “qapıları”nı açmağa gedəcək. Məşqçilər korpusunda bolqarıstanlı çalışdırıcılar olan çempionumuz üçün “Lüdoqorets” də, “Dinamo”da münasib rəqib sayılır.

Konfrans Liqası
23.02.2023. “Gent” (Belçika) – 0:1
Çempionlar Liqası
11.07.2023. “Linkoln” (Cəbəllütariq) – 2:1
26.07.2023. “Rakuv” (Polşa) - 2:3
Avropa Liqası
17.08.2023. HİK (Finlandiya) - 2:1
24.08.2023. “Olimpiya” (Sloveniya) - 2:0
05.10.2023. “Hakken” (İsveç) – 1:0
26.10.2023. “Bayer” (Almaniya) – 1:5
30.11.2023. “Molde” (Norveç) – 2:2
15.02.2024. “Braqa” (Portuqaliya) – 4:2
14.03.2024. “Bayer” (Almaniya) – 2:3
Çempionlar Liqası
23.07.2024. “Linkoln” (Cəbəllütariq) – 2:0

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: