“Qarabağ”ın mövsümdə ilk oyununda qələbə qazanması sevindiricidir”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov deyib.
O, “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna səfərdə 2:0 hesablı qələbəsini şərh edib. Qurbanov bildirib ki, Azərbaycan çempionu hələ pik formasından uzaqdır: “Cəbəllütariq təmsilçisi “Qarabağ” üçün rəqib deyil. Daha böyük hesab qeydə alına bilərdi. Buna rəqibin qapıçısı və meydanın süni ot örtüklü olması imkan vermədi. Təlim-məşq toplanışından sonra futbolçuların indi pik nöqtədə olmaması normaldır. Çünki hazırlıq dövrüdür. Oyunçuların bəzilərində yorğunluq, bəzilərində ağırlıq hiss edilirdi. Futbolçuları tam formada olan “Qarabağ”ı görmək üçün bir az vaxt lazım olacaq. Qarşıdakı matçlarda yəqin ki, bunu görəcəyik”.
Qurbanovun sözlərinə görə, görüşdə Leandro Andrade, Olavio Juninyo və Toral Bayramov daha yaxşı təsir bağışlayıblar: “Onlar fəal və aktiv idilər. Amma əsas qələbədir və “Qarabağ” bunun öhdəsindən gəldi”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Bakıda keçiriləcək.
Emin Ağa
İdman.biz