Rəşad Sadıqov: “Oyunun nəticəsi cavab görüşündə həll olunacaq” - VİDEO

Xəbərlər
24 İyul 2024 18:12
233
Rəşad Sadıqov: “Oyunun nəticəsi cavab görüşündə həll olunacaq” - VİDEO

"Gücümüzü Konfrans Liqasında sınayacağıq".

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

42 yaşlı mütəxəssis Konfrans Liqasının I təsnifat mərhələsinin “Dunayska Streda” ilə sabah keçiriləcək ilk oyunu ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, yaxşı komandaya qarşı mübarizə aparacağıqlar: “Fərqli sistemlə oynayan fərqli komandadır. Yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, ilk matçda yaxşı nəticə qazanaq. Oyunun nəticəsi cavab görüşündə - səfərdə həll olunacaq. Bu da rəqib üçün üstünlükdür. Amma inanıram ki, planımız işə yarıyacaq və yaxşı nəticə qazanacağıq".

- Rəqibi necə analiz etmisiz?

- Baş məşqçisi ispaniyalıdır. 5-2-3 taktiki sxemi ilə oynayırlar. Yaxşı futbolçuları var. Ən əsas da komanda şəklində iştirak edirlər. Heyətdə dəyişiklikləri yoxdur. Eyniliklə bizim kimi oyunçularını qoruyublar. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Məni öz komandam maraqlandırır. Vaxtımız az olub, amma futbolçular hazırdır.

- Saifu Suma ötən oyun addımı ilə kluba, yoxsa karyerasına zərbə vurdu?

- Düşünürəm ki, karyerasına kölgə saldı. Başladığı oyunu davam etdirə bilsəydi, bəlkə də yeni təkliflər alacaqdı. Ondan gözləmədiyimiz oldu. Suma adətən sakit oyunçudur. Reaksiyası məyus etdi. Öz karyerasına böyük zərbə vurdu.

- Ona cəza verdiz?

- Mən çox cəza verməyin tərəfdarı deyiləm. Hadisə baş verdi və geridə qaldı. O bizə və özünə qarşı hörmətsizlik etdi. UEFA-dan nə cəza gələcəyini gözləyirik. Həmin cərimə kifayət edəcəksə, biz cəzalandırmayacağıq. Bundan sonra nə olsa da, qırmızı vərəqə sayəsində böyük şansı əldən verdik.

- Rəqibə qarşı necə hazırlaşmısız?

- Tanımadığın komanda ilə oyuna qədər onu analiz edə bilmirsən. Ən yaxşı analiz meydanda olacaq. İlk dəqiqələrdən onları tanımağa çalışacağıq. Ötən oyunda komandamız çox yoruldu. 1 gün istirahət edib, matça hazırlaşdıq. İşimizi görmüşük. Rəqib “Şerif”ə nisbətən daha təşkilatlanıb. Moldovalılar fərdi oynayırdılarsa, slovakiyalılar komanda şəklində mübarizə aparırlar. Yaxşı və möhkəm kollektivdir.

Emin Ağa
İdman.biz