Boyan Letiç: “Ümid edirəm ki, mərhələni biz adlayacağıq”

Xəbərlər
25 İyul 2024 10:29
208
Boyan Letiç: “Ümid edirəm ki, mərhələni biz adlayacağıq”

“Biz qarşılaşa biləcəyimiz ən çətin rəqiblə mübarizə aparacağıq”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Boyan Letiç İsrail mətbuatına müsahibəsində deyib.

Bosniya və herseqovinalı müdafiəçi Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi” (Hayfa) ilə oyunla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, “Sabah”ı çətin görüş gözləyir: “Bizim üçün çətin olacaq desəm, heç kim təəccüblənməyəcək. Ötən mövsüm “Makkabi” Konfrans Liqasında 1/8 finala qədər irəliləyib. Bu hər şeydən xəbər verir. Nəsə əlavə etməyə ehtiyac yoxdur”.

Letiç rəqibin ev oyunlarını İsraildən kənarda oynamasını komandası üçün üstünlük hesab etmir: “Ötən mövsüm də ev oyunlarını ölkəsindən kənarda keçirən “Makkabi” çox uzaqlara getdi. Bu bizə təsir etməyəcək. Bunun bizim üçün müsbət amil olduğunu düşünmürəm. Pessimistliyə qapılmamışam, sadəcə hadisələrə real yanaşıram. Bizi 2 çətin matç gözləyir və ümid edirəm ki, mərhələni biz adlayacağıq”.

Qeyd edək ki, "Makkabi" ilə ilk oyun bu gün Macarıstanın Kişvarda şəhərində keçiriləcək. Cavab matçı isə ayın 31-də Bakıda baş tutacaq.

İdman.biz