Bu gün avrokubokların 2024/25 mövsümünə start verəcək "Sumqayıt” qol hesabını açmaq arzusundadır.
İdman.biz xəbər verir ki, Samir Abasovun yetirmələri “Fehervar”ın qapısından top keçirə bilsə, bu, klub tarixində ilk avrokubok qolu olacaq.
“Gənclik şəhəri” təmsilçisi qitə miqyaslı klub turnirlərində qol həsrəti yaşayır. Təmsilçimiz avrokuboklarda 3 matç keçirsə də, indiyədək rəqib qapısına yol tapmayıb. 2020/21 mövsümündə “Şkendiya”ya 0:2 hesabı ilə uduzan Sumqayıtın eyniadlı klubu bir il sonra “Çukariçki” ilə bacarmayıb – evdə 0:2, səfərdə 0:0. İlk duel Avropa Liqası, ikinci cəhd Konfrans Liqasında baş tutub.
Samir Abasovun komandası təkcə qol deyil, həm də evdəki məğlubiyyət seriyasını qırmalıdır. Sumqayıtlılar öz meydanındakı hər iki matçda 0:2 hesabı ilə uduzub.
“Sumqayıt” avrokuboklarda qol vurmayan dörd Azərbaycan klubundan biridir. “Simurq”, “Şəfa” və “Turan” da rəqib qapısına yol tapmayıb. Amma bu üç klub daha az – hərəyə 2 matç keçirib. Daha çox – üç görüşə çıxan sumqayıtlılar 4-cü cəhddən ilki reallaşdırmaq istəyindədir.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüş saat 20:00-da başlayacaq.
İdman.biz