Səbuhi Abdullazadə: “Onlara qol vuracağımı demişdim”

Xəbərlər
26 İyul 2024 12:56
321
Səbuhi Abdullazadə: “Onlara qol vuracağımı demişdim”

“Oyuna yaxşı başlamışdıq”.

Bunu İdman.bizə “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə deyib.

O, Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"a (Macarıstan) 1:2 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib. 23 yaşlı yarımmüdafiəçi bildirib ki, hesabda öndə olarkən azlıqda qalmaları rəqibin xeyrinə işləyib: “Buna görə də iki qol buraxdıq və qələbəni əldən verdik. Lakin üstünlüyümüzü qorumaq və daha da artırmaq üçün yaxşı şansımız vardı. Qırmızı vərəqə oyunun taleyini dəyişdi. Fikrimcə, bu hal baş verməsəydi, başqa cür ola bilərdi”.

Yeganə qolun müəllifi oyundan öncə fərqlənəcəyini hiss etdiyini də deyib: “Komanda yoldaşlarıma da qol vuracağımı bildirmişdim. Sevindim ki, fikriləşdiyim kimi alındı. Amma qələbə üçün bəs etmədi”.

Onun sözlərinə görə, Macarıstanda cavab oyununda hədəfləri yalnız revanş olacacaq: “Ümid sonda ölür. Axıradək mübarizə aparacağıq. İkinci oyunda əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq. Sonda sevinən tərəf kimi vətənə dönəcəyimizə də inanıram”.

Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" matçı iyulun 31-də baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz