"Matçın çətinliyi haqda nəsə demək şablon olacaq".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"la keçiriləcək cavab oyunundan əvvəl təşkil olunun mətbuat konfransında iştirak edib. Abasov bu dəfə hakimlərin səhvsiz olmasını arzulayıb: "Rəqibin çempionatda keçirdiyi oyunu izləmişik. Ümid edirəm ki, Sumqayıtdakı kimi maraqlı qarşılaşma olacaq. İstəyirəm ki, oyun bu dəfə də hakimlərin səhvləri ilə yadda qalmasın. Bura yaxşı motivasiya ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkilər, heyətdəki çatışmazlıqları kənara atmışıq və yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz təcrübəmizə, xeyrimizə çevirə biləcəyik".
"Sumqayıt"ın baş məşqçisi futbolçulara inandığını bildirib: Hesab bəllidir, itirəcəyimiz nəsə yoxdur. Hələ heç nə bitməyib. Oyuna çox ümidliyəm və futbolçularıma inanıram. Bu yöndə uşaqları kökləməyə çalışacam. Sumqayıt sakinləri arasında mərhələ keçməyinizə inanlar da az deyil. Bu sözlər məni əlavə motivasiya edir. Bizə bu qədər şans verirlərsə, deməli, inanırlar. Bunu futbolçulara da çatdıracam. Deməli, gücümüzə inanırlar, dəstəklərini əsirgəmirlər. Şanslar bərabərdir, bizə inananlar da sağ olsunlar".
Qeyd edək ki, "Sumqayıt" öz meydanında "Fehervar"a 1:2 hesabı ilə uduzub.
İdman.biz