Qurban Qurbanov: "O, hansı komanda üçün gəlibsə, bilmirəm" - MÜSAHİBƏ - VİDEO

Xəbərlər
30 İyul 2024 22:18
470
Qurban Qurbanov: "O, hansı komanda üçün gəlibsə, bilmirəm" - MÜSAHİBƏ - VİDEO

"İlk növbədə Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik etmək istəyirəm. Olimpiadadakı idmançılarımıza uğurlar arzulayıram".

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Linkoln"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi ilə Bakıdakı cavab matçını şərh edib: "Komandamızı təbrik edirəm. Bu gün nizam-intizamlı, səliqəli oyun oldu. Tribunada azarkeşlərin çox olması bizə əlavə motivasiya verdi. Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram".

- Aleksey Kaşuk oyununuza baxırdı. Onunla maraqlanırsız?

- Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün də buradadırsa, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib.

- Artıq III təsnifat mərhələsində rəqibinizi gözləyirsiz. Sizin üçün “Lüdoqorets” uyğundur, yoxsa “Dinamo”?

- Bu haqda düşünməmişəm. Hər ikisi haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. “Lüdoqorets” hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma "Dinamo" aqressiv və aktivdir, cavan oyunçuları çoxdur. Üstəlik, çox istəklidirlər.

- Yeni mövsümdə Premyer Liqadan nə gözləyirsiz?

- Dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olub. Çalışırıq ki, Premyer Liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunlarda xal itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də, sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. “Linkoln”la oyunlarda bəzi futbolçularda yorğunçuluq var idi. Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq.

- Mövsüm yeni başlayıb. Sizcə, iki qarşılaşmaya baxanda, oyun planında hansı müsbət dəyişikliklər var?

- Avrkuboklara ilk mərhələdən başlamadıq. Bina görə də futbolçular psixoloji cəhətdən daha da hazırlıqlıdır. Ola bilər ki, bəzi oyunçuların təcrübəsi daha da çoxaldı. Xüsusilə də, cavan oyunçularımızdan söhbət gedir.

- “Qarabağ” bu qədər qol epizodu yaradır, bu qədər qollar vurur. Özünüz də hücumçu olmusuz. Heç belə fikir yaranır ki, kaş bu komandada özüm oynayardım?

- Yox. Mən orada olsaydım, bu komanda olmayacaqdı.

- Ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaqsız. Bu sizin üçün nə deməkdir?

- Məsuliyyətimiz daha da çoxalır. Azarkeşlərin də istəyi, tələbi çoxalır. Minimum qarşıya qoyulan məqsədə çatdıq. Amma azarkeşlər bundan razıdır? Yox. Özümüz də yox. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır.

- Hakimlər Komitəsinin sədri Frank De Blekere olacaq. Bu təyinata münasibətiniz necədir? Əcnəbnin HK-nin sədri olması yaxşıdır?

- İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Ölkədə yox idim. Fayda verəcək, ya verməyəcək, deyə bilmərəm. Hamımız üçün yeni simadır. Çox istəyərdim ki, bizim azərbaycanlılar orada olsun. Əgər belə qərar qəbul olunubsa, hansısa nüanslara görədir. Yaxın vaxtlarda inanıram ki, orada da öz hakimlərimizi yetişdirmək lazımdır. Bir az fərqli mövqelərdir. Hakimlik və komitə sədri... Bəlkə də sədr kimi kadr tapmaq çətin oldu. Amma hər bir rəhbər hazırlamaq üçün vaxt lazımdır. Dərindən düşünmək lazımdır ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olunacaq... Bir ildən, iki ildən sonra... Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun. Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdır. Yeni gələnə də uğurlar arzulayıram. Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən belə hallarda hakimlər də matçları sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli yenə yaxşı ola bilər, inanıram ki, olacaq da.

- “Qarabağ”ın Avropada tanınması səbəbindən heyəti qorumaq sizə hər il çətinlik yaradır. Bəs transfer etmək sizə xeyir verir, yoxsa yox?

- Buna normal baxıram. Hansı komandada uğur varsa, hansı futbolçu uğur qazanırsa, ona maraq çoxalır. Biz də Avropa arenasında daha da çox tanınırıq. Sırf komanda kimi yox, funksionerlərimiz digər klublarla təmasda olurlar. Bizim öz yerli kadrlarımızı klub rəhbərliyində olan şəxslərinin dünya görüşünü, futbolun inkişafını, həm transfer mərhələsində daha da təcrübəli olmasına gətirib çıxarır. Əlimizdə şansımız varsa, heyətimizi maksimum qoryub-saxlamalıyıq. Hər il müəyyən müddət var. Ən çox vaxt ayırdığımız sahələrdən biri transferlərdir. Oyunçuları izləyirik. Amma elə olub ki, 4-5 transfer birdən etmişik, bəzən olub ki, heç etməmişik. Normal prosesdir. Çətinlik olsa da, futbolçularımızı qorumağa çalışırıq. Hər il, 3-4 ildən bir komandada kiçik problem yaranır. Bizdə bugünə kimi 80-90 faiz pis alınmayıb. Futbolçular bizə baxanda fikirləşmir ki, Avropada şansımız böyükdür. İlk olaraq çempionatımıza baxırlar. Real olaraq, məlumdur ki, Premyer Liqa Avropadakı çempionatlardan aşağıdır.

Qeyd edək ki, səfərdə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" evdə də rəqibini 5:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb.

Aytac Sahəd
İdman.biz