“Qarabağ”ın futbolçusu Olavio Juninyo avrokuboklarda 10-cu qolunu vurub.
İdman.biz xəbər verir ki, braziliyalı hücumçunun yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edib.
Juninyo “Linkoln” üzərində 5:0 hesablı qələbəyə 3 qolla töhfə verib. Cənubi amerikalı “Qarabağ”ın heyətində Çempionlar Liqasındakı qol sayını 4-ə çatdırıb. O, ötən mövsüm Avropa Liqasında 6 dəfə fərqlənib.
Juninyo 10-cu qolunu 17-ci matçda vurub. Onun orta məhsuldarlığı 0,59-a bərabərdir.
Olavio Azərbaycan futbolu tarixinə klublarımızın heyətində ən azı 10 qol vuran 4-cü bombardir kimi düşüb. O, eyni sayda qol vuran Filip Ozobiçə çatıb.
Juninyo yalnız iki oyunçudan geri qalır. Abdullah Zubir 14, Reynaldo Silva 11 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” növbəti avrokubok oyununu avqustun 6-7-də keçirəcək.
Vüqar Xeyrullayev
İdman.biz