“Birinci oyun göstərdi ki, Macarıstan təmsilçisi çox güclü bir rəqibdir”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.
O, “Sumqayıt”ın Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi cavab oyunu barədə fikirlərini açıqlayıb. Kərimov bildirib ki, rəqibin əsas “silahı” hava toplarında üstünlüyüdür: “Fehervar” daha çox cinahlardan hücumlar edən, hava toplarına hakim olan bir klubdur. İlk matçda da bu üstünlüklərindən istifadə edərək qollar vurdular. Bu cür oyunlarda daha çox birinci matçdan çox şey asılı olur. “Sumqayıt” ilk qarşılaşmada hər şeyi doğru ölçüb biçmişdi. Onlar rəqiblərinin üstün tərəflərini bilirdilər. Cinahları bağlamağa çalışırdılar. Hesab edirəm ki, qırmızı vərəqəyə qədər rəqib rahat oynaya bilmirdi. Samir Abbasovun yetirmələri buna imkan vermirdi. Amma vərəqədən sonra hər şey dəyişdi. Azlıqda qaldıqda bu cür rəqib rahatlıqla cinahlarda çoxluq yaradıb rahat ötürmələr edirlər. Qırmızı vərəqə alan Murad Xaçayev başla oynamağı yaxşı bacarırdı. Onun da yoxluğunda “ikinci mərtəbə”də rəqib rahat istədiyini edəcək. Yalnız ümid Elvin Bədəlova qalıb. Digər futbolçular “ikinci mərtəbə”də mübarizədə çətinlik çəkəcəklər. Bütün bunların fonunda 1:2 hesablı geriliyi rəqib meydanında aradan qaldırmaq “Sumqayıt”ın şanslarını azaldır”.
Kərimov “Sumqayıt”ın mərhələ adlamaq şansının az olduğunu da deyib: “Öz meydanında oynadığı üçün “Fehervar” daha çox önə atılacaq. 2:1 hesablı üstünlükləri olduğundan top saxlamağa çalışacaqlar. “Sumqayıt” əks-hücumlarda effektiv olmağa bel bağlamalıdır. Cinahlarını diqqətdə saxlamalıdır. Rəqibin ən böyük üstünlüklərindən biri cinahda 19 yaşlı yarımmüdafiəçi Milan Petodur. İlk matçdakı qələbədə onun xidməti böyük oldu. Evdəki oyunda da onlar eyni tərzdə mübarizə aparacaqlar. İtkiləri nəzərə alsaq, “Sumqayıt”ın bu oyunda mərhələ adlamaq şansları azdır”.
Qeyd edək ki, “Fehervar” – “Sumqayıt” matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Emin Ağa
İdman.biz