“Sabah evdə yeni mövsümün ilk oyununu keçirəcəyik”.
İdman.biz xəbər verir ki, bunu “Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqası II təsnifat mərhələsində “Makkabi” ilə cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, səfərdə 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Hayfa təmsilçisi onlar üçün favoritdir: “Bizi oyunun ikinci hissəsi gözləyir. Sabah qələbə qazanmaq üçün səfərdəkindən daha yaxşı oynamalıyıq. “Makkabi” çox möhtəşəm klubdur”.
- 3:0 hesablı qələbədən sonra futbolçularınızın eyforiyada olması ilə bağlı narahatlığınız var?
- Həftə ərzində bu barədə onlarla danışmışam. Hər şeyin fərqindəyik. Bizi sabah çox ağır oyun gözləyir. Hər şeyi edib qələbə qazanmalıyıq.
- “Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuk dünən “Qarabağ”ın oyununda idi. Qurban Qurbanov bildirdi ki, onu onlar çağırmayıblar. Ukraynalını siz dəvət etməmisiz?
- Bu barədə danışmaq istəmirik. Çünki o bizim üçün hazırda müzakirə mövzusu deyil.
- Sabah nəticəni nəzərə alaraq oynuyacaqsınız, yoxsa hücumameyilli oyun izləyəcəyik?
- Ən yaxşı müdafiə hücumdur. İlk dəqiqələrdən müdafiə olunsaq, hər şeyi itirəcəyik.
- Konfrans Liqası ilə bağlı nə kimi hədəfiniz var? Sizcə növbəti mərhələni də adlamağa güc və təcrübə çatacaq?
- Çox yüksəklərdə uçmamalıyıq. Ayağımız yerdə olmalıdır. Hazırda əsas məqsədimiz mərhələni keçməkdir. Daha sonra növbəti oyun barədə və rəqiblə bağlı düşünərik.
Qeyd edək ki, komandalar arasında cavab oyunu sabah 20:00-da başlayacaq.
Banuçiçək Hüseynli
İdman.biz