Arif Əsədov: “Sumqayıt”da müəyyən çatışmazlıqlar var”

Xəbərlər
1 Avqust 2024 11:16
164
Arif Əsədov: “Sumqayıt”da müəyyən çatışmazlıqlar var”

"Sumqayıt" ilk 30 dəqiqəni çıxmaq şərti ilə rəqibdən geri qalmadı”.

Bunu İdman.bizə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, “Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanda “Fehervar”a qarşı keçirdiyi cavab qarşılaşmasını şərh edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Samir Abasovun komandasında müəyyən çatışmazlıqlar var: “Bunlardan biri matçda son nöqtəni qoya bilməməklə bağlıdır. Təmsilçimiz bu komandanı keçmək gücünə malik idi. Lakin evdəki məğlubiyyət sonda öz sözünü dedi. Əgər “Sumqayıt” ilk oyunda azlıqda qalmasaydı, qalib gələ bilərdi. Səfərdəki görüş də buna görə çətin idi. Çünki burada həm fiziki, həm də psixoloji baxımdan müəyyən çətinliklər yarandı. Əsas faktorlardan biri isə "Sumqayıt"ın ehtiyat skamyasının qısa olması idi. Bu da komandanı gücləndirmək üçün problemlər yaradırdı. “Sumqayıt” ilk əvəzetməni 80-ci dəqiqələrdə etdi. Evdəki məğlubiyyətdən sonra komanda əslində toparlanmışdı. Ümumilikdə, pis oynamadılar”.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb. Rəqib ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyindən mərhələ adlayıb, təmsilçimiz isə avrokubokla vidalaşıb.

Banuçiçək Hüseynli
İdman.biz