Juninyo Mbappeyə ÇATIB

Xəbərlər
1 Avqust 2024 11:53
3 068
Juninyo Mbappeyə ÇATIB

Beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı müəyyənləşib.

İdman.biz xəbər verir ki, İFFHS-in tərtib etdiyi siyahıda 2024-cü ilin başa çatan yeddi ayında milli komanda və qitə kuboklarındakı toplar nəzərə alınıb.

Cədvələ ən azı 7 qol vuranlar və bu toplardan heç olmasa, ikisinə milli komandada imza atanlar yer alıb.

Mərakeş millisinin və “Olimpiakos”un futbolçusu Ayub El-Kaabi 14 qolla cədvələ başçılıq edir. O, avrokuboklarda 11, yığmada 3 dəfə sevinib.

“Paçuka” ilə qitə kuboklarında 9, Venesuela millisində 3 dəfə fərqlənən Solomon Rondon 12 qolla ikincidir. Akram Afif (Qətər, “Əl-Sədd”) 11 qolla üçüncüdür. O, yalnız yığmada fərqlənə bilib.

İFFHS-in siyahısında 15 futbolçu yer alıb. Azərbaycan burada təmsil olunmayıb.

Hərçənd “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da 7 qol vurub. O, bu il Avropa Liqasında 3, Çempionlar Liqasında 4 dəfə fərqlənib.

Juninyo 2024-cü ildəki qol sayında Kilian Mbappe və Mehdi Taremi kimi ulduzlara çatıb. Amma 7 qol vuranlardan dördü millidə heç olmasa 2 dəfə fərqlənsə də, Olavio yalnız “Qarabağ”da sevinib. Bu üzdən braziliyalı Mbappenin sonuncu - 15-ci olduğu siyahıya düşə bilməyib.

Qeyd edək ki, “Qarabağ” avrokubokların əsas mərhələsinə vəsiqəni təmin etdiyi üçün Juninyo 2024-cü ilin sonunadək 10 matçda meydana çıxmaq və qol sayını artırmaq imkanına malikdir.

İdman.biz