“Lüdoqorets” “Qarabağ”ın avrokuboklarda qarşılaşacağı 80-ci rəqib olacaq.
İdman.biz xəbər verir ki, Ağdam klubu indiyədək qitə yarışlarında 79 fərqli komanda ilə ümumilikdə 178 oyun keçirib.
Komandalar Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqlar. “Qarabağ” “Lüdoqorets”in qitə miqyaslı turnirlərdə 67-ci rəqibi olacaq. Bolqarıstan təmsilçisi avqustun 6-da Bakıda 150-ci oyununu keçirəcək. “Köhlən atlar” “Lüdoqorets”in qapısından 200-cü topu keçirə bilər. Bunun üçün komandamız azı 3 qol vurmalıdır. Bolqarlar isə indiyədək 210 dəfə fərqlənib 197-ni buraxıblar.
Rəqibimiz 149 oyunda 53 qələbə qazanıb, 59 dəfə uduzub. “Qarabağ” qalib gələcəyi halda qonaqlar 60-cı məyusluğu elə Bakıda yaşayacaqlar.
Çempionlar Liqası çərçivəsində “Lüdoqorets” 68 oyunda 25 qələbə qarşılığında 28 məğlubiyyət alıb. “Qarabağ” hər iki oyunda üstün olarsa rəqibinin məğlubiyyətlərini 30-a çatdıra bilər. Müqayisə üçün deyək ki, “Qarabağ” Çempionlar Liqasında 53 oyunda 23 qələbə qazanıb və 12 dəfə məyus olub. “Lüdoqorets”in 1 nömrəli qitə klub yarışında top fərqi 101-92-dir.
Bolqarlar Çempionlar Liqasında 2 dəfə qrupda oynayıblar. 2014-2015-ci illər mövsümündə qrupda 1 qələbə, 1 heç-heçə, iki il sonra 3 heç-heçə ilə fərqləniblər. “Lüdoqorets”in Çempionlar Liqasında ən böyük qələbəsi 2018-ci ildə Şimali İrlandiya “Kruseyders”i (7:0) üzərində, ən böyük məğlubiyyəti isə 2016-cı ildə London “Arsenal”ından (0:6) olub.
“Qarabağ”ın rəqibi Çempionlar Liqasında son 6 səfər oyununun hamısında uduzub.
Cari qitə mövsümündə bolqar klubu iki “Dinamo”nu – batumililəri və minskliləri yolundan kənarlaşdırıb. Hər iki rəqabətdə “Lüdoqorets” evdə iki top üstünlük qazanması sayəsində səfərdəki 0:1-lik məğlubiyyətə bir o qədər də məyus olmayıb.
Qeyd edək ki, Azərbaycan çempionu “Lüdoqorets”lə ilk matçı avqustun 6-da Bakıda keçirəcək.
Vüqar Məmmədov
İdman.biz