UEFA reytinqinin 343-cüsu və ya 74,5 faiz dəqiqlik - “Sent Patriks”

Xəbərlər
3 Avqust 2024 11:01
490
UEFA reytinqinin 343-cüsu və ya 74,5 faiz dəqiqlik - “Sent Patriks”

Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”ın rəqibi səkkizqat İrlandiya çempionu “Sent Patriks” olacaq.

İdman.biz xəbər verir ki, Dublin təmsilçisinin bu titullarından yalnız 1-i 21-ci əsrə təsadüf edir.

O da 11 il öncə əldə edilib.

Son 5 ildə klubun yalnız ötən il bir ölkə kuboku və çempionatda bürünc medalı, 2021-ci ildə isə gümüş medalı var.

“Sent Patriks” cari mövsümdə ölkəsinin Premyer Liqasında 25 turdan sonra 28 xalla 10 komanda arasında 7-ci pillədədir. Çempionatda komanda 24 qolundan 3-nü cərimə meydançası xaricindən vurub. Futbolçuların 25 oyunda 130 uzaq zərbəsindən 3-ü hədəfə çatıb.

Cərimə meydançası daxilindən isə 181 zərbədən 21-i qolla nəticələnib. 5 qol sol, 13 qol sağ ayaqla, 6 qol başla vurulub.

Orta hesabla hər oyuna qapıya 12,4 zərbədən 3,7-si qapıçı zonasında, bir o qədər də zərbə bloka alınır.

Oyunlarda orta hesabla 52,7 faiz topa sahib olmaya malik “Sent Patriks”də ötürmə dəqiqliyi 74,5 faizdir.
Müdafiədə hər oyuna orta 1,1 qol buraxan komanda 25 oyunundan 8-də qapısını toxunulmaz saxlayıb. Hər oyuna orta topalma 15, seyv 2,8-dir.

“Sabah”ın rəqibi 51,3 faiz təkbətək mübarizədən qalib ayrılır. Mövqe mübarizəsində bu rəqəm 50,4, hava mübarizəsində 53,3-dür.

Orta ofsayd göstəricisi 2,4, follarda 12,6, sarı vərəqələrdə 2,3-dür.

İrlandiya çempionatında klub son 5 matçında cəmi 1 qələbə qazanıb. Premyer Liqada son oyununu iyulun 4-də keçirən “Sent Patriks” “Uoterford”a səfərdə 0:1 hesabı ilə uduzub. Bundan sonra ötən ayın 13-də yoldaşlıq görüşündə Şimali İrlandiya təmsilçisi “Ballimena Yunayted”ə 1:0 hesabı ilə qalib gəlib. İyulun 21-də isə ölkə kubokunda “Derri Siti”dən 3 cavabsız qol yeyib.

UEFA reytinqində 343-cü olan “Sent Patriks”in son oyunları Konfrans Liqasında Lixtenşteyn “Vaduts”una qarşı olub. İrland klubu evdə 3:1-lik qələbədən sonra səfərdə 2:2 hesablı heç-heçə ilə mərhələ adlayıb. Bu görüşlərdə Danni Müllen 2, Mikael Daffi, Zakari Elbuzedi və Romal Palmer hərəyə 1 dəfə fərqləniblər.

Ötən mövsümdə eyni turnirdə elə 1-ci mərhələdəcə Lüksemburq “Düdelanj”ına hər iki oyunda məğlubiyyətlə (1:2, 2:3) ələnən irlandiyalılar ondan öncəki mövsümdə indiki kimi 3-cü mərhələyə qədər irəliləyə bilib. Klubun ən yaxşı nəticəsi isə 2009-cu ildə Avropa Liqasında 4-cü təsnifat mərhələsində oynaması olub.

Ümumiyyətlə, “Sent Patriks” qitə turnirlərində 64 oyunda 14 dəfə qalib gəlib, 37 dəfə məğlub olub. Top fərqi 58-118-dir.

Qeyd edək ki, “Sabah”la oyuna qədər irland klubu avqustun 4-də ölkəsinin çempionatında 26-cı turda “Sliqo Roverz”i qəbul edəcək.

Vüqar Məmmədov
İdman.biz