Ənənə, məğlubiyyətsizlik və ilklər - TƏHLİL

Təhlil
6 Avqust 2024 12:11
751
Ənənə, məğlubiyyətsizlik və ilklər - TƏHLİL

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” “Lüdoqorets”i qəbul edəcək.

Bu, komandalarımızın Bolqarıstan klubları ilə 3-cü duelidir. Nə qədər qəribə səslənsə də, “Qarabağ” ilk dəfə bu ölkədən olan rəqiblə görüşəcək. Avrokuboklarda ən çox oyun keçirən təmsilçimiz kifayət qədər matça çıxsa da, bolqarlarla yolları kəsişməyib. Elə Azərbaycan klublarının 30 ildə cəmi 2 dueli baş tutub. Sonuncu belə qarşılaşmadan isə 15 il vaxt keçir.

Bolqarıstan klubları ilə oyunlar Azərbaycan komandaları üçün ilklərlə əlamətdar olub. Avrokuboklardakı ilk qələbəmizi qazanan “Neftçi” Bakıda “Lokomotiv”i üstələyib.

Həmin matç Tofiq Bəhramov adına Respublika stadionundakı ilk avrokubok qarşılaşması kimi də tarixə düşüb. Onadək təmsilçilərimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəqiblərini qonaq edib.

Daha bir ilk 2009-cu ildə yaşanıb. “Levski” səddini keçə bilməyən “Bakı” avrokuboklar tarixinə pley-offa vəsiqə əldə edən ilk Azərbaycan klubu olub. Çempionlar Liqasındakı uğursuzluq “zolaqlılar”ı Avropa Liqasının pley-offuna aparıb.

Həm “Neftçi”, həm “Bakı” evdə uduzmayıb. Bolqarıstan komandaları ilə Bakıdakı məğlubiyyətsizlik səfərdə yaxşı yekunlaşmayıb. Hər iki təmsilçimiz rəqib meydanında quru hesabla uduzaraq mübarizəni dayandırıb.

Daha bir məqam ilk oyunların yeri ilə bağlıdır. Az qala ənənə halını alıb ki, bolqarıstanlılarla ilk matç Bakıda, cavab görüşü səfərdə keçirilir. Bu ənənəni “Qarabağ”la “Lüdoqorets”də davam etdirəcək.

Azərbaycan klubları Bolqarıstan təmsilçilərinə qarşı
1996/97, UEFA kuboku
I təsnifat mərhələsi
“Neftçi” – “Lokomotiv” (Sofiya) – 2:1, 0:6
2009/10, Çempionlar Liqası
III təsnifat mərhələsi
“Bakı” – “Levski” – 0:0, 0:2

Qeyd edək ki, “Qarabağ” – “Lüdoqorets” oyunu saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz