Yaşar Vahabzadə: “Lüdoqorets” zəif rəqib deyil”

Xəbərlər
6 Avqust 2024 13:46
410
Yaşar Vahabzadə: “Lüdoqorets” zəif rəqib deyil”

“Hər birimiz ümid edirik ki, qələbə seriyası davam edəcək”.

Bunu İdman.bizə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq baş məşqçisi Yaşar Vahabzadə deyib.

O, “Qarabağ”ın Çempionlar Liqasının lll təsnifat mərhələsində “Lüdoqorets”lə oyununu şərh edib. Vahabzadə bildirib ki, Ağdam klubunun pley-offa belə yüksələcəyinə inanır: “Lüdoqorets” keçiləsi rəqibdir. Düşünürəm ki, təmsilçimiz bizi sevindirmək üçün çalışacaq. Gözlədiyimiz kimi asan oyun olmayacaq. Qurban Qurbanov “Lüdoqorets”in matçını stadiondan izləyib. Hər halda bu komandaya qarşı necə oynamaq lazım olduğunu bilir”.

Onun sözlərinə görə, “Qarabağ” öz meydanında da, səfərdə də özünəməxsus şəkildə oyun göstərir: “Rəqibdən asılı olmayaraq Azərbaycan çempionu hər görüşə qələbə üçün çıxır. Bu gün “Qarabağ”a böyük ümidlərimiz var. “Lüdoqorets” ölkəsinin çempionudur və zəif rəqib deyil. Amma “Qarabağ”ın hər iki oyunda lazımı nəticəni əldə edib növbəti mərhələyə vəsiqə qazanacağına inanıram”.

Qeyd edək ki, “Qarabağ” - “Lüdoqorets” matçı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz