Qurban Qurbanov: "O demək deyil ki, hər şey bitdi" - MÜSAHİBƏ - VİDEO

Müsahibə
6 Avqust 2024 22:13
759
Qurban Qurbanov: "O demək deyil ki, hər şey bitdi" - MÜSAHİBƏ - VİDEO

"Növbəti oyuna maksimum nəticə üçün çıxacağıq".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Lüdoqorets” (Bolqarıstan) oyunundan sonra mətbuat konfransında görüşün nəticəsini şərh edib: "Təcrübəli komandaya qarşı oynayırdıq. İnanıram ki, ikinci matç bizim üçün daha yaxşı olacaq. Bu gün Çempionlar Liqasında olduğumuz hiss edildi. Məğlub olmağımız o demək deyil ki, hər şey bitdi. Səfərdəki oyunda daha səliqəli oynamağa çalışacağıq. Mən bu komandanı ciddiyə almışdım. Səfərdə hər şey istədiyimiz kimi olsa, yaxşı nəticə əldə edəcəyik".

- Dünən dediniz ki, oyuna tam hazırlaşa bilməmişik. Səfərdəki görüşdən əvvəl də çempionat matçı var. Hansısa tədbir görəcəksiz?

- Xeyr, hazırda belə fikrimiz yoxdur. Digər futbbolçularımızın oynamasına ehtiyac var. Hansı ki, onların da idman formasının yaxşı olması lazımdır. Çempionatda növbəti oyunumuzu da keçirəcəyik.

- Sizə elə gəlmir ki, futbol ictimaiyyəti, media "Lqdoqorets"i çox kiçiltmişdi?

- Fikirlər fərqlidir. Amma əlbəttə ki, "Lüdoqorets"in oyunçuların fərdi keyfiyyətli yüksəkdir. Oyunçularımı onlardan zəif saymıram. Komandama daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda çıxış edir. Belə oyunlara tam hazırlaşır. Boşuna Macarıstana getməmişdim. İndi onları daha yaxından tanıdıq. Düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik.

- Hakimlərin qərarlarından narazı idiz?

- Narazılıq edirdim. Bəlkə kənardan fərqli görürük. Təkrara da baxırdıq ki, sarı vərəqə göstərdi. Rəqib çox sərt oynayırdı. Sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Bolqarlara bir az simpatiya hiss olunurdu.

- Birinci hissədə üstünlük bizdə idi, ikinci yarıda sanki nəsə çatışmırdı. Qırılma nöqtəsi nə idi ki, hesabda geri düşdük?

- Bu cür rəqibə qarşı 90 dəqiqə eyni tempdə oynaya bilmək çətindir. Onların da öz oyun üslubu var. Bir neçə epizodda rəqibin hücumunun qarşısını ala bilmədik. Evdə oynayırdıq, hücuma daha çox fikir verirdik.

- Şahruddin Məhəmmədəliyev zədələnib. Cavab matçına hazır olacaq?

- Növbəti oyunda hazır olub-olmayacağını bilmirəm. Qarşıdakı günlərdə tam məlumat gələcək. Ola bilər daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktualdır. Çox ciddi danışıqlar, axtarışlar gedir. Amma əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək.

- Buntiçin oyuna qoşulmalarını necə qiymətləndirirsiz?

- Normal. Komandaya adaptasiya olur.

- Bu rəqiblə oyunda ən çox çətinliyiniz nə idi?

- Birinci təcrübə, ikinci oyunçuların fərdi ustalığı idi. Rəqib sürətli, dinamik, fiziki cəhətdən güclüdür. Müdafiədə 90 dəqiqə oynamağı bacaran komandadır. Amma bizim xeyli sayda epizodlarımız oldu. Yaxşı hücumlar qurduq. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və daha dəqiq oynamağa çalışacağıq.

Aytac Sahəd
İdman.biz