“Matç çətin keçdi”.
Bunu İdman.bizə “Lüdoqorets”in futbolçusu Deroy Duarte deyib.
O, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la (2:1) keçirdikləri oyunu şərh edib. Hesabı açan 23 yaşlı yarımmüdafiəçi bildirib ki, qarşılaşmaya yaxşı başlamasalar da, ilk 15 dəqiqədən sonra təşəbbüsü ələ alıblar: “Qarabağ” çox keyfiyyətli komandadır. Bu matç son demək deyil. Səfər matçında qalib gəldiyimizə sevinirik, amma hələ ev oyunumuz da var. Əlbəttə, qol vuracağımıza və qalib gələcəyimizə inanırdıq. Heç-heçə də etsəydik sərfəli sayılacaqdı”.
Onun sözlərinə görə, Bolqarıstanda baş tutacaq cavab matçı heç də asan keçməyəcək: “Yenə deyirəm, çətin görüş olacaq. Keyfiyyətcə yüksək oyunçularımız var. Evdə üstünlüyümüz olacaq. Planlarımız üzrə irəliləyəcəyik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.
Banuçiçək Hüseynli
İdman.biz