“Qarabağ” çox güclü komandadır”.
Bunu İdman.bizə “Lüdoqorets”in futbolçusu Hendrik Bonmann deyib.
O, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ı 2:1 hesabla məğlub etdikləri matçı dəyərləndirib. 30 yaşlı qapıçı bildirib ki, Azərbaycan çempionunu öncədən yaxşı analiz etdikləri üçün Bolqarıstana üstün qayıdırlar: “Bu klubda güclü oyunçular var. Amma futbolda hər şey baş verə bilir. Biz ilk 15 dəqiqədən sonra yaxşı oynamağa və müdafiə olunmağa başladıq. Ümumilikdə maraqlı və dinamik matç alındı. Bütün qol fürsətlərini dəyərləndirdik. İnanırdıq ki, “Qarabağ”a qol vura biləcəyik”.
Onun sözlərinə görə, Bolqarıstandakı cavab qarşılaşmasına da qələbə qazanmaq üçün hər şey edəcəklər: “Komanda olaraq yaxşı formadayıq. Evdəki oyunumuzda da qələbə qazanaraq, növbəti mərhələyə adlayacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.
Banuçiçək Hüseynli
İdman.biz