Zaur Ramazanov: “Emreli çətinlikləri gözə alaraq bu addımı atıb”

Xəbərlər
7 Avqust 2024 17:21
402
Zaur Ramazanov: “Emreli çətinlikləri gözə alaraq bu addımı atıb”

“Mahirə ilk gündən inanıram”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov deyib.

O, yığmamızın formasını geyinən Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubuna keçidinə münasibət bildirib. Veteran futbolçunun sözlərinə görə, Emreli olduqca perspektivlidir: “Onun boyu, topla olan rəftarı və s. onu deməyə əsas verir ki, futbola uyğun insandır. Təbii ki, Almaniya klubunda çıxış etmək çətindir. Amma məncə, o, çətinlikləri gözə alaraq bu addımı atıb. Düşünürəm ki, məqsədinə də çatacaq. Orada daha yaxşı futbol göstərə biləcək. Mahirdə özünə inam var. Bizləri sevindirəcəyini düşünürəm”.

Ramazanov Mahirin Zaqreb “Dinamo”sundakı karyerasının yaxşı alınmadığını da deyib: “Bəzən alınmır. Hər komandanın oyun sistemi var, gərək ona alışıb, hərəkət edəsən. Buna görə də hər futbolçu bütün klublarda oynaya bilməz. Ancaq Emreli Almaniya futboluna uyğunlaşacaq”.

Qeyd edək ki, Emreli “Nürnberq”lə bir illik müqavilə imzalayıb.

Banuçiçək Hüseynli
İdman.biz