Rəşad Sadıqovun “yenilməz batalyon”u: Rekordun bir addımlığında - TƏHLİL

Xəbərlər
9 Avqust 2024 11:51
2 885
Rəşad Sadıqovun “yenilməz batalyon”u: Rekordun bir addımlığında - TƏHLİL

“Zirə” avrokuboklardakı uğurlu səfər seriyasını davam etdirir.

İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Konfrans Liqasının III təsnifat mərhələsinin “Osiyek”lə Xorvatiyada keçirilən matçından da məğlubiyyətsiz ayrılıb.

Bakı klubu Osiyek şəhərində son dəqiqə qolu ilə sülhə nail olub – 1:1. Bununla da “Zirə” Avropaya səfərlərdəki yenilməzliyi 4 oyuna çatıb.

Qəsəbə təmsilçisi bu mövsüm Avropa Liqasında Moldovadan “Şerif” üzərində qələbə ilə dönüb – 1:0. Zirəlilər Konfrans Liqasına düşdükdən sonra Slovakiyada “Dunayska Streda”nı da məğlubiyyətə uğradıb – 2:1. Mövsümün 3-cü səfəri Xorvatiyaya olub.

Zirəlilərin bu seriyası isə daha əvvəl başlayıb. Sadıqovun “yenilməz batalyon”u iki il əvvəl Təl-Əviv “Makkabi”si ilə səfərdə qolsuz heç-heçə edib. Həmin görüş də Konfrans Liqası çərçivəsində baş tutub.

Bir sözlə, “Zirə” yeni yaranan bu turnirin tarixində rəqib meydanında uduzmayıb. Bakılılar Konfrans Liqasında keçirdiyi üç səfər matçında 2 qələbə və 1 heç-heçə edib.

Ümumilikdə rəqib meydanlarındakı məğlubiyyətsizlik seriyası 4-ə çatan “Zirə” Azərbaycan rekordunun bir addımlığındadır. “Qartallar” pley-offa yüksəlsə və “Omoniya” – “Fehervar” cütünün qalibinin meydanında uduzmasa, “Qarabağ”ın sahib olduğu rekordu təkrarlayacaq.

Qurban Qurbanovun yetirmələri 2021/22 mövsümündə ardıcıl 5 səfərdə yenilməyib. Ağdamlılar həmin seriyanın bütün görüşlərini Konfrans Liqasında keçirib.

Rekorda bir addımı qalan “Zirə” “İnter”in iki dəfə imza atdığı seriyanı təkrarlayıb. İndi “Şamaxı” adlanan paytaxtın sabiq təmsilçisi 2010-15-co illərdə iki dəfə dörd oyunluq səfər seriyasını gerçəkləşdirib.

“Zirə”nin avrokuboklardakı son və yeganə məğlubiyyəti isə 7 il əvvəl yaşanıb. Bakılılar Avropa Liqasının “Astra” ilə Rumıniyadakı görüşündə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Zirə” həm də ardıcıl üç səfər oyununda qol vurmaq seriyasına imza atıb.

Vüqar Xeyrullayev
İdman.biz