Krunoslav Renduliç: "Mərhələ adlamaq şansları bərabərdir"

Xəbərlər
14 Avqust 2024 19:08
479
Krunoslav Renduliç: "Mərhələ adlamaq şansları bərabərdir"

"İlk matçda məğlub olmuşuq. Bilirik ki, sabah çox ağır oyun olacaq".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç "Sent Patriks"lə oyundan əvvəl deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçından əvvəl keçirilən mətbuat konfransında komandaların mərhələ adlamaq şansları bərabərdir: "Şanslar hər iki komanda üçün bərabərdir. Çalışacağıq ki, şansımızdan istifadə edək. Sabah üçün hazırıq. Bəzi çatışmazlıqlarımız var. İvan Lepiniça qırmızı vərəqəyə görə cəzalı durumdadır. Çalışacağıq ki, bunun həllini tapaq. İlk hissədə oyuna nəzarət edirdik. Azlıqda qalandan sonra möhtəşəm performans göstərə bilməzdik. Fakt odur ki, biz uduzmuşuq. İlk oyundan əvvəl də demişdim ki, şanslar 50/50-dir.

Renduliç komandada eniş olmadığını vurğulayıb: "Futbolda belə şeylər baş verir. "Makkabi" ilə oyunumuz bəlkə də 3 saat çəkdi. 72 saatdan az bir müddət sonra "Şamaxı" ilə oynadıq. Həm də saat 17:30-da. Əlbəttə bu, bəhanə deyil. Amma həmin matçdan sonra bəzi zədəlilərimiz oldu. Bundan öncə də Ayaz Quliyev zədələnmişdi. "Şamaxı" ilə görüşdə qapıya 2 zərbə oldu, ikisi də qolla nəticələndi. Bu, futboldur. "Zirə" ilə matçda penaltiyə qədər bərabər oyun gedirdi. Penalti oyunun taleyini həll etdi".

Qeyd edək ki, "Sabah" səfərdə "Sent Patriks"ə 0:1 hesabı ilə uduzub.

İdman.biz