Tiaqo və “Zirə”nin rekordları - TƏHLİL

Təhlil
16 Avqust 2024 12:04
477
Tiaqo və “Zirə”nin rekordları - TƏHLİL

Konfrans Liqasında “Osiyek”i penaltilər seriyasında məğlub edən “Zirə” bir neçə rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiya klubu ilə iki heç-heçədən sonra “lotereya”da qalib gəlib.

Ötən həftə Xorvatiyadakı görüş 1:1 hesabı ilə başa çatıb. Bakıdakı qarşılaşmada isə daha çox qol vurulub – 2:2. Hər iki matçda təmsilçimiz bərabərlik topuna son dəqiqələrdə imza atıb.

Mövsümdə ikinci

“Zirə” bir mövsümdə iki dəfə penaltilər seriyasında qüvvəsini sınayan ilk Azərbaycan klubu olub. Bunadək heç bir təmsilçimiz belə halla rastlaşmayıb. “Şerif”ə 4:5 hesabı ilə uduzduqdan (oyunlar 1:0 və 1:2) sonra Avropa Liqasına vida edən zirəlilər Konfrans Liqasında sevinib. Xorvatiya təmsilçisi üzərində 2:1 hesablı qalibiyyət əldə olunub. Hər iki matç da UEFA-nın “Dalğa Arena” kimi qəbul etdiyi “Liv Bona Dea Arena”da keçirilib. İki seriya arasında isə cəmi 4 həftə, yəni 28 gün olub.

Bu da üç

Ümumilikdə isə cari mövsümdə 3-cü dəfə Azərbaycan klublarının oyunu penaltilər seriyası ilə bitib. “Zirə”nin “Şerif” və “Osiyek”lə duellərindən başqa, "Sabah” da “lotereya”da mübarizə aparıb. Masazır təmsilçisi Hayfa “Makkabi”sini (3:0, 3:6) seriyada 3:2 hesabı ilə yenib. Tarixdə ilk dəfə Azərbaycan klubları üç belə halla üzləşib. Bunadək rekord iki seriyanın yaşandığı 2020/21 mövsümünə təsadüf etmişdi.

Seriya xeyrimizə döndü

Avrokuboklar tarixində ikinci, həm də ardıcıl olmaqla Azərbaycan təmsilçisi penaltilər seriyasında qalib gəlib. “Sabah”ın “Makkabi” üzərinə qələbəsinin davamı “Dalğa Arena”da baş tutub. “Zirə” həmşəhərlilərindən aldığı estafetlə qələbə seriyası qurub. Artıq bu mini seriya “lotereya”dakı iki qalibiyyətdən ibarətdir. Hərçənd bunadək ardıcıl 10 dəfə penaltilər üzüntü gətirmişdi. Artıq 12 seriyada 2 qələbəsi olan klublarımız 16,67 faizlik uğur əmsalına malikdir.

Tiaqodan poker

Azərbaycan futbolu tarixində ilk dəfə təmsilçimiz avrokubokların penaltilər seriyasında cəmi 1 qol buraxıb. Bu da “Zirə”nin qapıçısı Tiaqo Silvanın əməyidir. Braziliya millisindən yaxşı tanıdığımız adaş və həmsoyadı kimi portuqaliyalı qapıçı da faydalılığı ilə diqqət çəkib. O, beş penaltidən dördünü dəf edib. Bunadək rekord “Sabah”a məxsus idi. “Makkabi”nin 5 penaltisindən yalnız 2-si qolla nəticələnmişdi.

Minimum maksimuma çatdılar

Bakı klubu özü də penaltilər seriyasında dəqiqliyi ilə seçilməyib. 5 penaltidən yalnız ikisini qola çevirən “Zirə”yə bu da kifayət edib. İki dəqiq zərbə ilə qalib gəlmək ən az topla qələbə kimi Azərbaycan klublarının rekordudur. Hərçənd uğurlar da cəmi çox olmayıb və yalnız ikinci dəfə yaşanır. “Sabah” seriyada sevinmək üçün 3 dəqiq zərbə vurub. Amma bu qol sayı da antirekord deyil. 17 il əvvəl “Daçiya” ilə görüşən “Bakı” penaltilərdə cəmi bir dəfə dəqiq olub – 1:3. Həmin vaxt hər iki qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə əvvəlki 12 penaltilər seriyasında Azərbaycan klubları 43, rəqibləri 54 qol vurub.

Vüqar Xeyrullayev
İdman.biz