Rəşad Sadıqov: "Bizdə heç nə alınmırdı"

Xəbərlər
22 Avqust 2024 23:46
1 070
Rəşad Sadıqov: "Bizdə heç nə alınmırdı"

"Oyunu şərh etmək çətindir. Futbolda belə oyunlar olur".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Konfrans Liqasının pley-offunda "Omoniya" ilə ilk oyunda 0:6 hesablı məğlubiyyəti şərh edib: "Rəqibdə hər şey alınır, səndə heç nə alınmır. Matçın startından bu ssenari getdi. Rəqib cərimə zərbəsini dəqiq yerinə yetirdi. Sonra gözlənilməz penalti, ilk hissənin son dəqiqələrində buraxdığımız qol... Artıq bundan sonra oyunu dəyişmək çətin idi. 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Yenə deyirəm bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı".

Sadıqov rəqib komandanın azarkeşlərinin qələbədə böyük rol oynadığını bildirib: "Bu gün "Omoniya"nın azarkeşləri qələbədə böyük pay sahibidir. Bu, bizim üzərimizdə müəyyən basqı yaradırdı. Əslində ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Bundan sonra gözlənilən o idi ki, oyun bərabərləşəcək. Cərimə zərbəsindən sonra rəqib daha inamlı oynamağa başladı. Azarkeşlər daha çox dəstək olmağa başladılar. Basqının qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamamışdıq. Səviyyə olaraq "Omoniya"nı "Osiyek"lə eyni tutardım. Bəlkə "Omoniya" hücumda daha sürətli idi. Bu gün hər şey rəqib üçün uğurlu oldu. Bizim üçün isə tam əksi. Belə olan halda bu cür acınacaqlı məğlubiyyətlər qaçılmaz olur".

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

İdman.biz