Aslan Kərimov: “Zirə”nin etdiyi səhvlər yeniyetmə futbolunda olur”

Xəbərlər
23 Avqust 2024 12:39
906
Aslan Kərimov: “Zirə”nin etdiyi səhvlər yeniyetmə futbolunda olur”

“Məğlubiyyət gözlənilməz olmadı”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, “Zirə”nin Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Kiprdə “Omoniya”ya 0:6 hesablı məğlubiyyətini şərh edib. 52 yaşlı mütəxəssis bildirib ki, uduzmaq deyil, hesab onun üçün gözlənilməz olub: “Bu nəticədən sonra “Zirə” əla oynadı desək, düzgün deyil. Amma rəqibin ustalıq səviyyəsi “Qarabağ”la matçda belə görünməzdi. Bəlkə də qarşımızda Ağdam təmsilçisindən güclü bir klub var idi. Çünki meydanın mərkəzində kiçik ötürmələrlə, bir-birilərini anlamaqla böyük ustalıq göstərdilər. Nəticədə futbolçularımızın təcrübəsizliyi görünürdü. Qapımıza vurulun qolların bir neçəsinə baxsaq, bunu aydın görə bilərik. Hətta elə olurdu ki, bəzən özümüz rəqib üçün bu epizodları yaradırdıq”.

Kərimovun sözlərinə görə, rəqibin aşkar güclü olması hesabda da öz əksini tapıb: “Səhvlər çox idi. Renato Ruan kimi təcrübəli oyunçu belə 3-cü və ya 4-cü qolda topu kənarlaşdırmaq istəsə də alınmadı. Fuad Bayramov da topu çıxarmaq əvəzinə rəqibə “hədiyyə etdi”. Bu səhvlər yeniyetmə futbolunda olur. Belə yanlışlıqlara yol vermək olmaz. Həyəcana qalib gələ bilməmələri futbolçuları çətin vəziyyətə saldı. Təbii ki, rəqib də səhvləri bağışlamadı və böpyükhesablı məğlubiyyətimiz qaçılmaz oldu”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 29-da Bakıda baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz