Arif Əsədovdan turun DƏYƏRLƏNDİRMƏSİ

Xəbərlər
2 Sentyabr 2024 13:58
437
Arif Əsədovdan turun DƏYƏRLƏNDİRMƏSİ

“Turan Tovuz” – “Səbail” matçı (1:0) olduqca maraqlı keçdi”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, Premyer Liqanın V turunda baş tutan qarşılaşmaları şərh edib. Əsədov bildirib ki, hər iki komandanın oyunçuları bu matçda fərqli iki hissə yaşayıblar: “Heç-heçə layiqli bir oyun idi. Berdiyevin gəlişindən sonra “Turan Tovuz”da özünə inam yaranıb. Müdafiədən etibarlı, əkshücumlardan qurulan bir oyun sistemləri formalaşıb. “Səbail”in isə maddi sıxıntılar var. Bir çox futbolçu komandanı tərk edib. Amma buna baxmayaraq, komanda ilk turda zəif çıxış etsə də qalan mastçlarda özlərini yaxşı tərəfdən göstərə bilirlər. Diniyev əsasən gənc oyunçulara üstünlük verir. Bunun özü də olduqca müsbət bri amildir”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, “Sumqayıt” – “Araz-Naxçıvan” (0:1) oyunu olduqca yaxşı keçib: “Bu turdan qabaq “Sabah”a məğlub olmuş “Sumqayıt” mütləq ki, evdə qələbə qazanmalı idi. Lakin tərsinə oldu və “Araz-Naxçıvan” “Neftçi” ilə oyunda itirdiyi xalları qazandı. Naxçıvan təmsilçisinin oyunçularının ustalıq səviyyəsi seçilirdi. “Sumqayıt” isə komanda oyununda üstün görünürdü. Bu matçda bir qol vuran qalib olacaqdı. Buna da “Araz-Naxçıvan” nail oldu”.

“Kəpəz” – “Sabah” (2:3) oyunu barədə danışan sabiq məşqçi bu qarşılaşmada hər kəsin “Sabah”ı favorit hesab etdiyini vurğulayıb: “Gəncə təmsilçisində baş məşqçisinin istefasına görə çoxları bu fikirdə idi. Oyunun gedişatı isə hər şeyi dəyişdi. “Kəpəz” daha istəkli idi və əzimkar şəkildə oynayırdı. Amma “Sabah”ın oyunçularının ustalıq səviyyəsi özünü göstərdi, dəyişiklik etməklə hücumları çoxaltdılar. “Sabah” oyun bir az da davam etsəydi, qol vura bilərdi. Bu nəticə ilə “Kəpəz” göstərdi ki, bundan sonra bir çoxlarına baş ağrısı ola bilər”.

O, “Zirə”-“Qarabağ” oyununda hər iki tərəfin eyni vəziyyətdə olduğunu söyləyib: “Oyunçulaırn yorğun olması, psixoloji durumunlarının gərginliyi və s. hamısı eyni idi. Ağdam təmsilçisinin əsas oyunçuları bu matça çıxmamışdı. Sonradan olunan əvəzetmələr komandanın oyununa güc qatdı. “Zirə” də layiqli oyun nümayiş etdirdi amma sonra "Qarabağ"ın ustalıq səviyyəsi öz sözün dedi”.

Onun sözlərinə görə “Şamaxı”-“Neftçi” matçında da “ağ qaralar” favorit idi: “Çünki “Şamaxı” yeni komandadır və birinci dəstdən təzə gəlib. Bakı təmsilçisi bundan öncəki turlarda da zəif çıxış edib. Bu matç bir daha sübut etdi ki, “Neftçi”nin oyun planında səhvlər qalmaqdadır. Hətta deyərdim ki, “Şamaxı” epizodlarda daha üstün idi və qol vurmaq imkanı da oldu. Lakin hər iki komanda iki xalı itirdi. Ümid edirəm ki, millinin oyunu ilə bağlı verilən faislə bir çox klublarımızın xeyrinə olar”.

Banuçiçək Hüseynli
İdman.biz