“Bizi çətin oyun gözləyir”.
Bunu İdman.bizə “Neftçi”nin futbolçusu Vüsalə Seyfəddinova deyib.
O, UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” komandasına qarşı keçirəcəkləri oyun barədə danışıb.
24 yaşlı yarımmüdafiəçi bildirib ki, rəqib çox yaxşı heyətə sahibdir: “Amma buna baxmayaraq, məqsədimiz sona qədər mübarizə aparıb, rəqibdən xal almaqdır. “Sankt-Pölten”ni analiz etmişik. Hansı sistemdə oynadıqlarını bilirik. Komanda olaraq çox yaxşı hazırlaşdığımızı düşünürəm. Məşqçimiz lazım olan hər şeyi bizə başa salıb. Vacib olan bütün faktorlar üzərində işləmişik. Fərqi yoxdur, istər fiziki, istərsə də taktiki baxımdan komanda olaraq oyuna hazırıq. Əminəm ki, oyun zamanı hansı tərəf daha az səhv etsə və sonadək mübarizə aparsa, o da qalib olacaq”.
Qeyd edək ki, Gürcüstanın Tsxaltubo şəhərində baş tutacaq qarşılaşma sentyabrın 4-ü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Banuçiçək Hüseynli
İdman.biz