Siyasət Əsgərov: “Rəqibimizin keyfiyyətinə və gücünə bələdik”

Xəbərlər
3 Sentyabr 2024 16:18
643
Siyasət Əsgərov: “Rəqibimizin keyfiyyətinə və gücünə bələdik”

“Rəqibimizin keyfiyyətinə və gücünə bələdik”.

Bunu İdman.bizə qadın futbolçulardan ibarət “Neftçi”nin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” komandasına qarşı keçirəcəkləri oyun barədə danışıb. Təcrübəli mütəxəssis bildirib ki, rəqibin individual olaraq oyunçularının səviyyəsi də bəllidir: “Keçən il bu komanda Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Ona görə rəqib doğurdan da çox təcrübəli və yaxşıdır. Avstriya çempionudurlar. Buna baxmayaraq, biz də oyunda maksimum diqqətli olmalı və sonadək oyunun ritmindən düşməməliyik. Belə olduğu halda istədiyimiz nəticəni rəqibdən ala bilərik. Komandanın hazırlığına Bakıda başlamışıq və daha sonra transferlərimizlə birlikdə Qəbələdə kamp dönəmi keçirmişik. Bu dönəm çox yaxşı oldu. Fikrimcə, komanda oyunlara hazırdır. Ola bilər ki, birinci rəqibin səviyyəsinin daha yaxşı olması oyun instensivliyinə təsir etsin. Amma bizim hazırlıq dönəmimizdə aşağı-yuxarı rəqibin gücünə görə və oyunun sonuna qədər yaxşı səviyyədə qalmağımız üçün yetərli görünür. Ümid edirəm ki, sabahkı oyunda da hazırlığımız bizə kömək edəcək”.

Əsgərovun sözlərinə görə, rəqibin oyunda buraxdığı boşluqlarından xəbərləri var: “Komandamla bunu müzakirə etmişik, qızlar bunların hamısını bilir. İnanırıq ki, rəqib bizim hansısa səhvi edəcəyimizə şərait yaratmayacaq, biz onların zəif tərəflərindən istifadə edəcəyik. Oyuna maksimum dərəcədə köklənmişik. Bu ilkdir və daim ilklər çətin olur. Bizim əsas məqsədimiz, oyun çətin olsa da, yüksək nəticə qazanmaqdır. Ölkəmizə klub olaraq reytinq xalı qazandırmaq istəyirik. Hesabla bağlı nəsə demək çətindir. Komandanın əhval-ruhiyyəsi çox yaxşıdır. Bu motivasiya oyundan sonra da digər qarşılaşmaya kimi davam edər. Nəticə pis olanda qızların psixoloji durumları düşür. Amma əlimizdən gələni edib bu tempi ikinci görüşə kimi saxlamalıyıq”.

Qeyd edək ki, Gürcüstanın Tsxaltubo şəhərində baş tutacaq qarşılaşma sentyabrın 4-ü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz